Hesablama Palatası Dünya Bankının təşkil etdiyi onlayn görüşdə iştirak edib

Maliyyə
  • 03 noyabr, 2021
  • 06:25
Hesablama Palatası Dünya Bankının təşkil etdiyi onlayn görüşdə iştirak edib

Hesablama Palatasının sədr müavini Nəsir Sadıqov, Səmərəlilik auditi şöbəsinin müdiri Zaur Vəliyev, Beynəlxalq fəaliyyət, təlim və metodoloji təminat şöbəsinin sektor müdiri Fərqanə Əliyeva Orta Müddətli Xərclər Çərçivəsinin (OMXÇ) Potensialının Gücləndirilməsi (PG) Proqramının həyata keçirilməsi məqsədilə Dünya Bankının təşkil etdiyi onlayn görüşdə iştirak edib.

Bu barədə "Report"a Palatadan bildirilib.

Məlumata görə, görüşdə Dünya Bankının Azərbaycan üzrə meneceri ilə yanaşı, İsveçrənin İqtisadi Məsələlər üzrə Dövlət Katibliyinin (SECO), Maliyyə Nazirliyinin, İqtisadiyyat Nazirliyinin, Təhsil Nazirliyinin, Ekologiya və Təbii Sərvətlər Nazirliyinin, o cümlədən digər əlaqəli qurumların nümayəndələri iştirak edib.

Azərbaycanda Orta Müddətli Büdcə Planlaşdırılmasının Gücləndirilməsi məsələsinin müzakirəsi ilə əlaqədar keçirilmiş onlayn toplantı Dünya Bankının Azərbaycan üzrə meneceri Sara Mayklın açılış nitqi ilə başlayıb. O, Orta Müddətli Xərclər Çərçivəsinin tətbiqinin əhəmiyyəti, yaxın gələcəkdə həyata keçiriləcək fəaliyyətlərdən bəhs edib. Daha sonra, iqtisadiyyat nazirinin müavini Sevinc Həsənova, eləcə də N.Sadıqov çıxış edərək iştirakçıları salamlayıb, OMXÇ üzrə müvafiq fikirlərini ifadə edib. Görüşün davamında dövlət idarəçiliyi üzrə baş mütəxəssis və tapşırıq qrupu rəhbəri İan Haukesvors proqramın xüsusiyyətləri barədə məlumat verərək OMXÇ PG Proqramının 4 istiqaməti üzrə məsul olan xarici ekspertləri təqdim edib, missiya gündəliyi və işin təşkili barədə məlumat verib. Onlayn toplantının sonunda proqramın başlanğıc mərhələsi - ilkin qiymətləndirmə metodologiyası, məlumatların toplanması və s. məsələlər üzrə müzakirələr aparılıb.