Hesablama Palatası COP29-un maliyyə hesabatına müsbət rəy verib
- 27 oktyabr, 2025
- 16:02
Hesablama Palatasının 2025-ci il üzrə İş Planına uyğun olaraq COP29 Azərbaycan Əməliyyat Şirkətinin tədbirin hazırlıq və keçirilmə mərhələləri üzrə gəlir və xərclərin auditi aparılıb.
"Report" bu barədə Palataya istinadən xəbər verir.
Audit gəlir və xərclərə dair məlumatların düzgünlüyü ilə bağlı əminlik məqsədilə həyata keçirilib.
Audit zamanı IFPP-nin (INTOSAI-ın Peşəkar Bəyanatlar Çərçivəsi) beynəlxalq prinsip və standartlarına əsaslanaraq hazırlanmış metodologiyalardan istifadə edilib. Audit maliyyə sənədlərinin yoxlanılmasına, gəlir və xərclər üzrə hesabatların dəqiqliyinin təsdiq edilməsinə, maliyyə vəsaitlərinin idarə olunması ilə bağlı hüquqi çərçivəyə riayət olunmasının müəyyənləşdirilməsinə və daxili nəzarət sisteminin işləkliyinin qiymətləndirilməsinə yönəlib.
Audit nəticəsində 31 may 2025-ci il tarixinə hazırlanmış COP29 beynəlxalq tədbiri üzrə maliyyə hesabatlarına müsbət rəy verilib.
Tədbir ilə bağlı daxilolmaların 92,5 %-i dövlət büdcəsindən, 7,5 %-i isə digər mənbələrdən olub. Daxil olan vəsait COP29 üzrə əsas məsul qurum olan COP29 Azərbaycan Əməliyyat Şirkətinin əməliyyat və digər xərcləri (tikinti işləri, məsləhətçi xidmətləri, qonaqlama, nəqliyyat, avadanlıq və texniki dəstək, marketinq və təşviqat, bütün növ outsors müqavilələri) və beynəlxalq öhdəliklərdən irəli gələn xərclər istiqamətlərində istifadə edilib.
Əməliyyat xərclərinin əsas hissəsi konfransın keçirilmə yerləri (65,4 %) və məzmun dəyərinin formalaşması ilə bağlı xərclərə (10,2%) sərf edilmişdir. Bundan əlavə, istifadə edilmiş maliyyə vəsaiti müqabilində uzunmüddətli aktivlər (maşın və avadanlıqlar) əldə edilmiş və tədbir bitdikdən sonra müvafiq qaydada bir sıra dövlət qurumlarının istifadəsinə təhvil verilib.
Outsors edilmiş müqavilələr üzrə tərəf müqabilləri əsasən Almaniya, İsrail, ABŞ və BƏƏ-də fəaliyyət göstərən qeyri-rezidentlər olub.
Keçirilmiş audit ilə təsbit edilmiş əsas tapıntılar aşağıdakılar olub:
✔ Bəzi hallarda müəyyən xərc istiqamətləri üzrə ilkin təsdiq edilmiş büdcə artırılaraq icra edilsə də, bu, ümumi məbləği keçməyib. Audit prosedurları ilə artımın əsaslandırılması əsasən qənaətbəxş hesab edilib;
✔ İcra vəziyyətinin qiymətləndirilməsi məqsədilə seçmə qaydada nəzərdən keçirilmiş müqavilələrin icrasında bəzi nöqsanlar müəyyən edilib. Müqavilə üzrə avans ödənişləri həyata keçirilərkən qanunvericilik ilə müəyyən edilmiş maksimal hədd tələbi gözlənilməyib. Bundan əlavə, mal alışı müqavilələri ilə müəyyən edilmiş təchizat tarixləri üzrə tələblər pozularaq bir sıra hallarda gecikmələr müşahidə edilib;
✔ Satınalma qanunvericiliyinin pozulması üzrə əhəmiyyətli hallar müşahidə edilməyib. Bəzi növ xidmətlər və malların alışı üzrə yerli bazarda rəqabətli təkliflərin olmaması səbəbindən birbaşa müqavilələr bağlanılıb;
✔ Maliyyə sənədləri əsasən şamil edilən hüquqi çərçivəyə uyğun şəkildə olub, lakin bəzi təqdimat təhrifləri müəyyənləşdirilib;
✔ COP 29 tədbirinin keçirilməsi ilə bağlı əldə edilmiş aktivlərin və yaranmış öhdəliklərin inventarizasiyası aparılıb. İnventarizasiya çərçivəsində uzunmüddətli aktivlərin təkrar istismara yararlılığı qiymətləndirilib, onların təhvil-təslim prosedurlarının sənəd müşayiətinin dolğunluğu yoxlanılmış, həmçinin öhdəliklər üzrə kontragentlərin uçot məlumatları ilə üzləşdirmənin aparılması zərurəti müəyyənləşdirilib.
Auditor hesabatında audit nəticəsində maliyyə idarəçiliyi ilə bağlı müsbət tərəflər müəyyən edilməklə yanaşı, təkmilləşdirilməsi vacib olan məqamlar da qeydə alınıb.
Hesablama Palatasının Kollegiyası audit dövründə hesablanmış vergilərin dövlət büdcəsinə ödənilməsinin və artıq xərclənmiş ezamiyyə xərclərinin büdcəyə bərpasının nəzərə alınması, uzunmüddətli aktivlərin təhvil verilməsi istiqamətində zəruri işlərin tamamlanması, gəlirlər üzrə debitor borcların bağlanılması və COP29 ilə bağlı öhdəliklərin yerinə yetirilməsi üçün tələb olunan məbləğ çıxılmaqla sərbəst qalan vəsaitin dövlət büdcəsinə bərpa edilməsi ilə bağlı qərar qəbul edib.