Hesablama Palatası ARDNF-in 2024-cü il büdcəsinin icrasına rəy verib
- 31 iyul, 2025
- 10:03
Yeniliklərdən dərhal xəbərdar olun!
Hesablama Palatası 2025-ci il iş planına və 24 aprel 2025-ci il tarixli Kollegiya iclasının qərarı ilə təsdiq edilmiş proqrama əsasən Azərbaycan Dövlət Neft Fondunun (ARDNF) vəsaitlərinin formalaşdırılmasının və əsas istiqamətlər üzrə istifadəsinin auditini aparıb, qurumun 2024-cü il büdcəsinin icrasına rəy verib.
"Report" bu barədə Palataya istinadən xəbər verir.
Məlumata görə, auditor hesabatının hazırlanmasında “Hesablama Palatası haqqında” qanunun 22.13-cü maddəsinin, Hesablama Palatası Kollegiyasının 7 dekabr 2018-ci il tarixli qərarı ilə təsdiq edilmiş “Hesablama Palatası tərəfindən kənar dövlət maliyyə nəzarəti tədbirlərinə hazırlıq, kənar dövlət maliyyə nəzarəti tədbirlərinin keçirilməsi və nəticələrinin rəsmiləşdirilməsi Qaydaları”nın, Hesablama Palatasının Kollegiyasının 7 fevral 2023-cü il tarixli qərarı ilə təsdiq edilmiş Maliyyə auditinə dair təlimatın və INTOSAI-ın peşəkar bəyanatlar çərçivəsinin (IFPP – INTOSAI Framework of Professional Pronouncements) tələbləri nəzərə alınıb və yaxud müvafiq istinadlar edilib.
Ötən il ARDNF-in büdcə gəlirləri 18 milyard 39 milyon manat, büdcə xərcləri isə 12 milyard 896,4 milyon manat təşkil edib.
İl ərzində Fond neft-qaz sazişlərinin həyata keçirilməsindən 12 milyard 243,7 milyon manat, o cümlədən, mənfəət neft-qazının satışından 11 milyard 461,4 milyon manat, bonus ödənişlərindən 778,2 milyon manat, tranzitdən 0,5 milyon manat, akrhesabı ödənişlərdən isə 3,6 milyon manat gəlir əldə edib. Qurumun vəsaitlərinin idarə olunmasından əldə edilən investisiya gəliri isə 5 milyard 795,3 milyon manat təşkil etməklə investisiya portfelinin 6 %-i qədər olub.
Hesabat dövründə ARNDF dövlət büdcəsinə 12 milyard 781 milyon manat transfert edib, “2019-2023-cü illər üçün ali təhsil sisteminin beynəlxalq rəqabətliliyinin artırılması üzrə Dövlət Proqramı”nın maliyyələşməsinə 34 milyon manat, “Gənclərin xarici ölkələrin nüfuzlu ali təhsil müəssisələrində təhsil almalarına dair 2022–2028-ci illər üçün Dövlət Proqramı” nın maliyyələşməsinə 47,3 milyon manat yönəldib, idarəetməyə isə 34,1 milyon manat xərcləyib.