Hesabat: “Azərişıq” və “Azərenerji” öz öhdəliklərini tam icra edib

Maliyyə
  • 03 oktyabr, 2017
  • 09:03
Hesabat: “Azərişıq” və “Azərenerji” öz öhdəliklərini tam icra edib

Bakı. 3 oktyabr. REPORT.AZ/ “Bu ilin martından “Azərişıq” ASC “Azərenerji” ASC qarşısında, “Azərenerji” isə Azərbaycan Dövlət Neft Şirkəti (SOCAR) qarşısında yaranmış öhdəliklərini tam icra edib və nəzərdə tutulmuş nisbətdə vəsaitlər yaradılmış xüsusi kommunal hesabda toplanılmaqdadır”. 

“Report” xəbər verir ki, bu barədə İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzinin (İİTKM) “Kommunal xidmətlərin (elektrik və istilik enerjisi, su və qaz) inkişafına dair Strateji Yol Xəritəsi” yarımillik monitorinq və qiymətləndirmə hesabatında bildirilir. 

Hesabata əsasən, adıçəkilən qurumlar bu işləri “Müstəqil tənzimləyici orqanın və məqsədli fondun yaradılması, effektiv xidmət və yığım mexanizmlərinin, kadr təminatının formalaşdırılması” prioritet istiqaməti üzrə həyata keçirib.

Qeyd edək ki, Nazirlər Kabinetinin 2017-ci il 14 mart tarixli 91 nömrəli qərarı ilə təsdiq edilmiş “Elektroenergetika və qaz təchizatı sahəsində fəaliyyət göstərən paylarının (səhmlərinin) nəzarət zərfi dövlətə məxsus olan hüquqi şəxslər arasında qarşılıqlı ödəniş məsələlərinin tənzimlənməsi və daxil olmuş vəsaitlərdən istifadə Qaydası”na əsasən elektroenergetika və qaz təchizatı sahəsində fəaliyyət göstərən paylarının (səhmlərinin) nəzarət zərfi dövlətə məxsus olan hüquqi şəxslər arasında qarşılıqlı ödənişlər yeni sxem üzrə avtomatik rejimdə aparılmaqdadır.

Monitorinqin nəticələrinə görə, “Azərişıq”, eləcə də “Azərsu” ASC-lnn yığımlarında artım qeydə alınıb: “Həyata keçirilmiş tədbirlər nəticəsində ötən ilin ilk 6 ayı ilə müqayisədə cari ilin müvafiq dövründə yığım faizi “Azərişıq” üzrə 3 faiz bəndi artaraq 90%, “Azərsu” üzrə isə 3,6 faiz bəndi artaraq 91% təşkil edib”.

“Azərişıq” 2025-ci ilə qədərrespublika üzrə elektrik enerjisinə və gücünə olan tələbatın proqnoz göstəricilərinə dair məlumatlar hazırlayaraq, “Azərenerji” ilə razılaşdırılıb. Eyni zamanda, 2030-cu ilə qədər tikintisi nəzərdə tutulan obyektlərin elektrik enerjisinə olan tələbatının proqnoz göstəriciləri hazırlanıb, lakin məlumatlar daha dəqiq və dolğun olmadığı üçün 2030-cu ilə qədər tikintisi nəzərdə tutulan obyektlərin elektrik enerjisinə olan tələbatının proqnoz göstəricilərinin illər üzrə tərtib olunması və neft və qeyri-neft sektorunun artım dinamikasına dair məlumatların hazırlanaraq yenidən təqdim edilməsi üçün İqtisadiyyat Nazirliyinə müraciət edilib”, – deyə monitorinqin nəticələrində qeyd edilib.

Hesabatda həmçinin “Azərişığ”ın Asiya İnkişaf Bankından (ADB) cəlb etdiyi vəsaitlər üzrə gördüyü işlər də yer alıb: “2017-ci ilin 6 ayı ərzində ADB-nin I Tranşı üzrə ayırdığı kredit hesabına 110 kV-Iuq elektrik şəbəkələri üzrə 3 ədəd yarımstansiyanın tikintisi, 62 km elektrik verilişi xətlərinin çəkilişi, 35 kV-Iuq elektrik şəbəkələri üzrə 5 ədəd yarımstansiyanın tikintisi, 148 km elektrik verilişi xətlərinin çəkilişi həyata keçirilib ki, bu da “Master Plan” üzrə görülməsi nəzərdə tutulan işlərin 4%-ni təşkil edir. Eyni zamanda, 137 min ədəd elektron tipli elektrik sayğacı quraşdırılıb və “Azərişıq” Şəbəkənin Avtomatlaşdırılmış İdarəetmə Sistemi (ŞAİS) yaradıb”.