Hesablama Palatası: "Büdcə gəlirlərinin icrası 3 ay proqnozdan çox, 5 ay isə proqnozdan az olub"

Maliyyə
  • 03 noyabr, 2023
  • 10:42
Hesablama Palatası: Büdcə gəlirlərinin icrası 3 ay proqnozdan çox, 5 ay isə proqnozdan az olub

Bu ilin yanvar-avqust aylarında Azərbaycanda dövlət büdcəsi gəlirlərinin icrası 3 ay proqnozdan çox, 5 ay isə proqnozdan az olub.

“Report” xəbər verir ki, bu barədə Hesablama Palatasının "2024-cü il dövlət büdcəsi haqqında" qanun layihəsinə verdiyi rəydə bildirilir.

Sənədə əsasən, ən yüksək icra səviyyəsi 113,3 %-lə yanvar ayında, ən aşağı icra səviyyəsi isə 63,9 %-lə avqust ayında qeydə alınıb. Cari ilin ötən dövründə icra edilmiş gəlirlər illik proqnozun 60,3 %-ni təşkil edib.

"Yanvar ayı üzrə yüksək icra səviyyəsi əsasən proqnozla müqayisədə İqtisadiyyat Nazirliyi yanında Dövlət vergi Xidmətinin xətti ilə daxilolmaların 44,1 % və Dövlət Gömrük Komitəsinin xətti ilə daxilolmaların 37 % çox icrası, avqust ayında qeydə alınmış aşağı icra səviyyəsi isə Dövlət Neft Fondundan (ARDNF) transfertlərin 88,5 % və sair gəlirlərin 63,4 % az icrası hesabına olub.

Ümumiyyətlə, 8 ayda dövlət büdcəsi gəlirləri proqnozla müqayisədə 9,7 % az olmaqla 20 milyard 431,2 milyon manat icra edilib ki, bu da ötən ilin müvafiq dövrü ilə müqayisədə 1,2 % çoxdur. Baxılan dövrdə dövlət büdcəsi gəlirlərinin icra səviyyəsi aşağı olsa da, əksər gəlir inzibatçıları üzrə icra proqnozu üstələyib", - deyə rəydə qeyd olunub.