"Hermes Finance"in xalis mənfəəti kəskin azalıb
- 29 iyul, 2026
- 09:34
Yeniliklərdən dərhal xəbərdar olun!
Azərbaycanda lizinq fəaliyyəti ilə məşğul olan "Hermes Finance" ASC 2025-ci ili 180 min manat xalis mənfəətlə başa vurub.
"Report" səhmdar cəmiyyətinin maliyyə hesabatına istinadən xəbər verir ki, bu, 2024-cü illə müqayisədə 4,7 dəfə azdır.
Ötən il "Hermes Finance"ın vergiyəqədərki mənfəəti 340 min manat (3,1 dəfə az), mənfəət vergisi ödəmələri isə 160 min manat (30,4 % az) təşkil edib.
Bu il yanvarın 1-nə "Hermes Finance"ın aktivləri 17,327 milyon manat olub ki, bu da 1 il əvvələ nisbətən 32,5 % azdır. Bunun 14,048 milyon manatı müştərilərə verilmiş kreditlər və icarəyə xalis investisiya qoyuluşudur. Ötən il şirkətin lizinq portfeli 28,15 % kiçilib.
Hesabat dövründə "Hermes Finance"ın öhdəlikləri 31,6 % azalaraq 16,953 milyon manata, balans kapitalı isə 2,4 dəfə azalaraq 374 min manata düşüb.
Xatırladaq ki, "Hermes Finance" 2018-ci ildə yaradılıb. Onun nizamnamə kapitalı 900 min manatdır. Şirkətin səhmdarları 45 % payla Nurarə Mehraliyeva-Rzayeva, 45 % payla Kamran Quliyev və 10 % payla şirkətin direktoru Həmid Mirzəyevdir. "Hermes Finance" lizinq fəaliyyəti ilə məşğul olan "Caspian Auto İmport" ASC-də 66,67 %, "Level Leasing" MMC-də isə 38 % pay sahibidir.