“Global Energy Solutions"ın istiqrazları üzrə hərracın tarixi açıqlanıb

Maliyyə
  • 06 fevral, 2025
  • 10:10
“Global Energy Solutionsın istiqrazları üzrə hərracın tarixi açıqlanıb

Sabah "Bakı Fond Birjası" QSC-də (BFB) “Global Energy Solutions" MMC-nin 5 milyon manatlıq faizli, təmin edilməmiş, sənədsiz, adlı istiqrazlarının yerləşdirilməsi üzrə hərrac keçiriləcək.

"Report" bu barədə Birjaya istinadən xəbər verir.

Məlumata görə, hər birinin nominal dəyəri 100 manat olan 50 000 ədəd istiqraz kütləvi təklif üsulu ilə yerləşdiriləcək və 2 il tədavüldə olacaq. Onların illik gəlirliliyi 12 %-dir. Faizlər rüblük ödəniləcək.

Prosesin anderrayteri “PAŞA Kapital İnvestisiya Şirkəti” QSC-dir. Bununla yanaşı, istiqrazları almaq istəyən şəxslər BFB-nin üzvü olan digər investisiya şirkətlərinə də müraciət edə bilərlər.

Emitentin tədavül müddətində qiymətli kağızları geri alması nəzərdə tutulmayıb.

Xatırladaq ki, “Global Energy Solutions" 2012-ci ildə yaradılıb. Onun nizamnamə kapitalı 7,6 milyon manatdır. Şirkətin təsisçiləri 90 % payla "Nobel Energy Limited" və 10 % payla "Nobel Oil İnvestment LTD" şirkətləridir. Bu şirkətlərə Vüqar Səmədli rəhbərlik edir.