"Gargash Insurance": İnkişaf etməkdə olan bazarlara qlobal risklər daha çox təsir göstərir

Maliyyə
  • 25 iyun, 2026
  • 16:30
Gargash Insurance: İnkişaf etməkdə olan bazarlara qlobal risklər daha çox təsir göstərir

İnkişaf etməkdə olan bazarlar qlobal risklərdən daha çox təsirlənir.

"Report" xəbər verir ki, bunu Birləşmiş Ərəb Əmirliklərinin Dubay şəhərində fəaliyyət göstərən "Gargash Insurance" şirkətinin icraçı direktoru, "Chartered Insurance Institute"un beynəlxalq məsələlər üzrə vitse-prezidenti və xoşməramlı səfiri Suresh Nair XI Azərbaycan Beynəlxalq Sığorta Forumu"nda bildirib.

"Risklər həmişə olub, lakin bu gün risklər daha dinamikdir və bir-biri ilə sıx əlaqəlidir. Bu yaxınlarda şahidi olduq və hazırda da görürük ki, dünyanın bir hissəsində baş verən geosiyasi hadisə, başqa bir bölgədə aclığa və sosial gərginliyə səbəb ola bilir. Biz hələ də bütün bu proseslərin tam nəticələrini görməmişik. Risklərin inkişaf dinamikasına nəzər saldıqda isə aydın olur ki, bəzi riskləri hətta kəmiyyətlə ölçmək belə mümkün deyil. Bu isə o deməkdir ki, meydana çıxan yeni riskləri idarə etmək üçün təkcə sığorta deyil, digər həll mexanizmlərinə də ehtiyac var. Risklərdə olduğu kimi, bu amillərin də əksəriyyəti bir-biri ilə sıx bağlıdır", - deyə o qeyd edib.

Məsələn, icraçı direktorun sözlərinə görə, tənzimləyici tələblərlə süni intellektin təsiri birlikdə nəzərdən keçirilsə, bir çox məhsulun əmtəələşdiyini görünər: "Məhsul əmtəəyə çevrildikdən sonra rəqabət əsasən qiymət üzərində qurulur. Qiymət rəqabəti başladıqda gəlirlər azalır və əməliyyat xərclərinə daha ciddi nəzarət etmək zərurəti yaranır. Bu isə şirkətləri rəqəmsal transformasiyaya sövq edir. Rəqəmsal transformasiya dərinləşdikcə müştəri davranışı dəyişir və nəticədə süni intellekt alqoritmləri də bu yeni davranış modellərini mənimsəyir. Beləliklə, yenidən bütün amillərin bir-biri ilə qarşılıqlı əlaqədə olduğu bir dövrə qayıdırıq. Bəs bu vəziyyət inkişaf etməkdə olan bazarlardakı brokerlər üçün nə deməkdir? Sadə cavab ondan ibarətdir ki, transmilli brokerlərə təsir edən eyni qüvvələr inkişaf etməkdə olan bazarlardakı yerli iştirakçılara da təsir göstərir. Fərq ondadır ki, bu bazarlarda yüksəlişlər daha kəskin, enişlər isə daha dərin olur, çünki təsirlər daha sərt hiss edilir. Bir çox inkişaf etməkdə olan bazarda sığortanın nüfuzetmə səviyyəsi, yetkin bazarlarla müqayisədə, aşağıdır. Buna görə də bazarın onsuz da kiçik olan payından müəyyən hissə itirildikdə, bunun təsiri daha böyük və daha ağrılı şəkildə hiss olunur".

Bundan başqa, S.Nair deyib ki, yerli brokerlər qlobal şəbəkələrə inteqrasiya olunur: "Yerli brokerlərin transmilli şəbəkələrə qoşulması mahiyyət etibarilə onlar üçün yeni bir ölçü qazanmaq imkanıdır. Bu, onlara öz müştərilərini beynəlxalq səviyyədə izləməyə və transmilli brokerlə işləyən müştərilərin tələblərinə cavab verməyə şərait yaradır. Onlar müştəriyə deyə bilərlər: "Biz sizə dünyanın harasında olmağınızdan asılı olmayaraq xidmət göstərə və fəaliyyətinizi izləyə bilərik.

Bundan başqa, biz rəqabətli bazar şəraitində yaşayırıq. İqtisadi nəzəriyyənin əsas prinsiplərindən biri ondan ibarətdir ki, rəqabət artdıqca bəzi oyunçular bazardan çəkilir və bazar tədricən konsolidasiya olunur. Bunun məntiqi nəticəsi olaraq daha zəif oyunçuları daha güclü şirkətlərin satın alması və yaxud özünə birləşdirməsi baş verə bilər. Bu, böyük yerli brokerin kiçik yerli brokeri satın alması şəklində ola bilər. Eyni zamanda, başqa bazara daxil olan qlobal bir şirkət də həmin bazardakı kiçik oyunçuları öz bünyəsinə qata bilər. Lakin hər iki halda əsas məsələ müştəriyə göstərilən xidmətin keyfiyyətidir. Müştərilər yaxşı xidməti qiymətləndirməyə meyllidirlər. Hətta daha böyük brokerə keçmək imkanları olsa belə, əgər yerli brokerin işindən razıdırlarsa, çox vaxt onunla əməkdaşlığı davam etdirməyə üstünlük verirlər".

44 - Tezliklə