Fond: "Korporativ istiqrazlara dövlət zəmanəti verilməsi ilə bağlı hazırlıq işləri yekunlaşmaqdadır"

Maliyyə
  • 12 iyul, 2023
  • 09:36
Fond: Korporativ istiqrazlara dövlət zəmanəti verilməsi ilə bağlı hazırlıq işləri yekunlaşmaqdadır

İpoteka və Kredit Zəmanət Fondu Azərbaycanda korporativ istiqrazlara dövlət zəmanətinin verilməsi ilə bağlı hazırlıq işlərini yekunlaşdırmaq üzrədir.

Bu barədə "Report"un sorğusuna cavab olaraq Fonddan bildirilib.

Ötən ilin avqustunda Azərbaycan Mərkəzi Bankı korporativ istiqrazlara dövlət zəmanətinin verilməsi mexanizmini təsdiq edib. Fondun İdarə Heyətinin 24 yanvar 2023-cü il tarixli qərarı ilə isə “İstiqrazlar üzrə emitentlərin (sahibkarların) öhdəliklərinə İpoteka və Kredit Zəmanət Fondunun təminat verməsi Qaydası” təsdiq olunub.

Xatırladaq ki, bu ilin I rübündə Azərbaycanın qiymətli kağızlar bazarında aparılmış 3 448,3 milyon manatlıq əməliyyatın 438,6 milyon manatlıq hissəsi və yaxud 12,7 %-i korporativ qiymətli kağızların payına düşüb. Bu, 1 il əvvələ nisbətən 7,8 % çoxdur. 3 ay ərzində bu bazarda bağlanmış 2 850 əqdin isə 1 391-i və yaxud 48,8 %-i korporativ qiymətli kağızların payına düşüb. Bu isə illik müqayisədə 34,4 % azdır.