Fiziki şəxslərin Azərbaycan banklarındakı manat əmanətləri 36 % artıb

Maliyyə
  • 27 noyabr, 2021
  • 11:02
Fiziki şəxslərin Azərbaycan banklarındakı manat əmanətləri 36 % artıb

Bu il noyabrın 1-nə Azərbaycan banklarına fiziki şəxslərin əmanət qoyuluşu 8 milyard 887,4 milyon manat təşkil edib.

“Report” Azərbaycan Mərkəzi Bankına istinadən xəbər verir ki, bu, oktyabrın 1-i ilə müqayisədə 0,6 %, ilin əvvəlinə nisbətən 8,7 %, ötən il noyabrın 1-i ilə müqayisədə isə 12,9 % çoxdur.

Bunun 5 milyard 043,4 milyon manatı milli valyutada, 3 milyard 844 milyon mantı isə xarici valyutada yerləşdirilib ki, bu da, illik müqayisədə müvafiq olaraq 36,4 % çox və 7,9 % azdır.

Əmanət qoyuluşunun 8 milyard 587,8 milyon manatı və ya 96,6 %-i rezidentlərin payına düşüb. Bu isə ötən ilin eyni dövrü ilə müqayisədə 13,2 % çoxdur. Rezidentlərin əmanətlərinin 4 milyard 907 milyon manatı (illik müqayisədə 36,5 % az) milli valyutada, 3 milyard 680,7 milyon manatı (7,8 % az) isə xarici valyutada olub.

Hesabat dövründə qeyri-rezidentlərin əmanətləri 6,4 % artaraq 299,7 milyon manata yüksəlib ki, bunun da, 136,4 milyon manatı (33,4 % çox) milli valyutada, 163,3 milyon manatı (9,1 % az) isə xarici valyutada olub.

Qeyd edək ki, oktyabrın 31-nə banklarda əmanət və depozitlərin həcmi 26 milyard 114,8 milyon manat təşkil edir ki, bu da 2020-ci ilin sonuna olan göstəricidən 10,3 % çoxdur.

Azərbaycanda hal-hazırda 26 bank fəaliyyət göstərir.