"Fitch" SOCAR-ın uzunmüddətli reytinqini təsdiq edib
- 15 sentyabr, 2026
- 09:40
"Fitch Ratings" beynəlxalq reytinq agentliyi Azərbaycan Dövlət Neft Şirkətinin (SOCAR) emitentin defoltunun uzunmüddətli reytinqini (EDR), eləcə də onun prioritet təminatsız borcunun reytinqini "BBB-" səviyyəsində təsdiq edib.
"Report" "Fitch"ə istinadən xəbər verir ki, uzunmüddətli EDR üzrə proqnoz "sabit"dir.
Bundan əlavə, "Fitch" borc yükü göstəricilərinin yaxşılaşması fonunda SOCAR-ın müstəqil kredit profilini (SCP) "bb-" səviyyəsindən "bb"-yə yüksəldib.
"SOCAR-ın reytinqi Azərbaycanın suveren reytinqinə ("BBB-"/Sabit) bərabər tutulub. Reytinqlərin bərabərləşdirilməsi dövlət tərəfindən maliyyə zəmanətləri və kapitala yatırımlar şəklində verilən dəstək, eləcə də SOCAR-ın ölkənin əsas enerji layihələrinin həyata keçirilməsindəki strateji rolu ilə şərtlənir", - agentlik qeyd edib.
Bildirilib ki, dövlətlə əlaqəli təşkilatların reytinq metodologiyasına (GRE) əsasən SOCAR-ın qiymətləndirilməsi mümkün 60 baldan 40 bal təşkil edir, bu isə zərurət yarandığı halda dövlət şirkətinə dəstək göstərilməsi ehtimalının son dərəcə yüksək olduğunu göstərir.
Qeyd edilib ki, 2025-ci il üzrə SOCAR-ın EBITDA-sı 9,3 milyard manat (2024-cü ildə 5 milyard manat) təşkil edib, buna Cənub Qaz Dəhlizinin (SGC) və STAR neft emalı zavodunun tam konsolidasiyası kömək edib. EBITDA üzrə xalis leverec 1,0x kimi aşağı səviyyədə qorunub saxlanılıb. 2026-cı ildə EBITDA-nın 12 milyard manata qədər artması, ardınca isə xalis leverecin 2029-cu ilə qədər təxminən 2x səviyyəsində normallaşması gözlənilir.
"2025-ci ildə SOCAR-ın neft hasilatı 5 % azalıb, 2026-cı ilin birinci yarısında da azalma davam edib. Buna cavab olaraq dövlət şirkəti 2026-cı ilin II rübündə qazma işlərini 33 % aktivləşdirib. Ekspertlər artım drayverləri arasında "Şahdəniz" yatağının 3 milyard ABŞ dollar (2029-cu ildən 50 milyard kubmetr qaz axını gözlənilir) dəyərində olan yeni işlənmə mərhələsini, eləcə də hasilatı gündəlik 140 min barel neft ekvivalentinə qədər artıra biləcək "Abşeron" yatağının işlənməsinin 2-ci mərhələsi üzrə qərarı göstərirlər", - agentliyin məlumatında qeyd olunub.
"Fitch" vurğulayıb ki, İtaliyanın "İtaliana Petroli S.p.A." (IP) şirkətinin SOCAR-ın öz vəsaitləri hesabına alınması üzrə sövdələşmənin başa çatması agentlik tərəfindən diversifikasiya və daunstrim seqmentinin gücləndirilməsi baxımından müsbət qiymətləndirilir.
"Eyni zamanda, SOCAR-ın Türkiyədəki 7 milyard ABŞ dolları dəyərində irimiqyaslı investisiya layihəsi yekun investisiya qərarı qəbul edilənə qədər hələlik agentliyin baza proqnozuna daxil edilməyib", - agentlik vurğulayıb.
"Fitch" analitikləri həmçinin qeyd edib ki, SOCAR-ın SCP-si " KazMunayQaz" SC ("bb") ilə eyni səviyyədədir, "Özbəkneftqaz" SC ("b") və "QazaqGaz" ("b") göstəricilərini üstələyir, lakin daha yüksək leverec və maliyyə şəffaflığındakı məhdudiyyətlər səbəbindən Omanın "OQ S.A.O.C." ("bbb-") şirkətindən geri qalır.