"Fitch Ratings": Azərbaycanın bank sektoru artıq narahatlıq doğurmur

Maliyyə
  • 06 oktyabr, 2026
  • 12:11
Fitch Ratings: Azərbaycanın bank sektoru artıq narahatlıq doğurmur

Azərbaycanın bank sektoru son illər dayanıqlılığını əhəmiyyətli dərəcədə artırıb və xarici mənfi təsirlərə həssaslığını xeyli azaldıb.

"Report" xəbər verir ki, bunu "Fitch Ratings"in Şərqi Avropa üzrə suveren reytinqlər qrupunun rəhbəri, baş direktor Erik Arispe Morales (Erich Arispe Morales) Bakıda keçirilən "Fitch on Azerbaijan 2026" tədbiri çərçivəsində bildirib.

"Əgər əvvəlki onilliyin ortalarında ölkənin bank sistemi ciddi narahatlıq üçün səbəb idisə, bu gün mənzərə tam fərqlidir. Dollarlaşmanın azaldığını, xarici leverecin aşağı düşdüyünü, kifayət qədər kapital ehtiyatlarının yaradıldığını və bankların aktivlərinin keyfiyyətinin yaxşılaşdığını, həmçinin pərakəndə kreditləşmənin artdığını müşahidə edirik. Suveren reytinq baxımından hazırda bank sektoru heç bir təhlükə yaratmır", - agentliyin analitiki vurğulayıb.

"Fitch" nümayəndəsinin sözlərinə görə, maliyyə transmissiyası mexanizmlərinin məhdudluğu Azərbaycanın bank sisteminə müəyyən dərəcədə müstəqillik verir, onu ABŞ və Avropa ölkələrində faiz dərəcələrinin artırılmasının birbaşa təsirindən qoruyur. Bununla yanaşı, tənzimləyici və maliyyə bazarı iştirakçıları qarşısında bir neçə prioritet vəzifə qalmaqdadır. Onlardan birincisi pul-kredit siyasətinin transmissiya kanalının effektivliyinin gücləndirilməsi - izafi likvidlik şəraitində Azərbaycan Mərkəzi Bankının faiz dərəcələri ilə bağlı qərarlarının depozit və kredit dərəcələrinə səmərəli ötürülməsinin təmin edilməsi ilə bağlıdır. İkinci prioritet vəzifə isə sahibkarlıq sektoru tərəfindən kredit resurslarına olan tələbin aktivləşdirilməsindən ibarətdir.

"Hazırda banklar kifayət qədər likvidliyə malikdir və maliyyə təşkilatlarının özləri də dayanıqlı vəziyyətdədir. Əsas məsələ ondan ibarətdir ki, sabit kredit dövrünün formalaşması üçün məhz nə tələb olunur: maliyyə resurslarına çıxışdakı maneələrin aradan qaldırılması, yoxsa lazımi həcmdə keyfiyyətli layihələrin və özəl sektordan tələbin yaranması", - E.A.Morales deyib.

Beynəlxalq reytinq agentliyi növbəti bir il ərzində özəl sektorun strukturunda əhəmiyyətli dəyişikliklər proqnozlaşdırmır, lakin həm oxşar reytinq səviyyəsinə malik suveren analoqlarla müqayisədə, həm də regional miqyasda Azərbaycanın bank sisteminin nailiyyətlərinə bir daha diqqət çəkir.