"Fitch": Güclü xarici balans və aşağı dövlət borcu Azərbaycanın kredit reytinqini dəstəkləyir
- 06 oktyabr, 2026
- 10:23
Yeniliklərdən dərhal xəbərdar olun!
Azərbaycanın suveren reytinqi "sabit" proqnozla "BBB-" səviyyəsində qərarlaşıb, buna güclü xarici iqtisadi göstəricilər və dövlət borcunun aşağı səviyyədə olması təkan verir.
"Report" xəbər verir ki, bu barədə "Fitch Ratings"in baş direktoru, Şərqi Avropanın suveren reytinqləri qrupunun rəhbəri Erik Arispe Morales (Erich Arispe Morales) Bakıda keçirilən "Fitch on Azerbaijan 2026" tədbiri çərçivəsində bildirib.
Agentlik nümayəndəsinin sözlərinə görə, çox güclü xarici balans, öz müqayisə qrupunda ən aşağı dövlət borcu və Azərbaycan Dövlət Neft Fondunun (ARDNF) iri aktivlərinin təmin etdiyi əhəmiyyətli maliyyə çevikliyi ölkənin kredit profilinin güclü tərəfləri olaraq qalır.
"Eyni zamanda, dövlət idarəetməsinin nisbətən zəif göstəriciləri, iqtisadi siyasətin qeyri-yetkin normativ-hüquqi bazası, milli iqtisadiyyatın karbohidrogen sektorundan yüksək asılılığı, eləcə də geosiyasi risklər reytinq üçün məhdudlaşdırıcı amillər kimi çıxış edir", - E.Morales qeyd edib.
Onun sözlərinə görə, "Fitch"də suveren reytinqlərə münasibətdə ikimərhələli yanaşma tətbiq edilir: "Biz struktur və makroiqtisadi göstəricilərə, dövlət maliyyəsinin vəziyyətinə və xarici iqtisadi parametrlərə aid dəyişənləri daxil etdiyimiz SRM-dən (suveren reytinq modelindən) istifadə edirik. Daha sonra ikinci mərhələ – keyfiyyət tənzimlənməsi ("qualitative overlay") başlayır, bu mərhələnin gedişatında biz modeldə diqqətə alınmayan amilləri nəzərə almağa çalışırıq".