"Fitch": "Azərbaycanın dövlət borcu 2024-cü ildə ÜDM-nin 6,9 %-nə düşəcək"
- 22 oktyabr, 2022
- 12:37
Yeniliklərdən dərhal xəbərdar olun!
"Fitch" beynəlxalq reytinq agentliyi Azərbaycanın ümumi dövlət borcunun 2021-ci ilin sonundakı 16,2 %-dən, 2024-cü ilin sonunda ÜDM-nin 6,9 %-nə düşəcəyini proqnozlaşdırır.
Bu barədə "Report" agentliyə istinadən xəbər verir.
Hesabata görə, dövlət maliyyəsinin perspektivləri, qeyri-enerji sektorunda ilkin kəsirin daralmasını hədəfləyən və dövlət borcunu/ÜDM-nin 20 % səviyyəsində məhdudlaşdıran fiskal qaydanın bu il bərpası ilə dəstəklənir.
Dövlət kreditləri və qarantiyaları bu ilin I rübündə ÜDM-nin 23,2 %-ni təşkil edib ki, bunun da 77 %-i Azərbaycan Beynəlxalq Bankının 2017-ci ildə restrukturizasiyası və şərti öhdəlik riskinin azaldığı Cənub Qaz Dəhlizi layihəsinin payına düşür.
Bu il iyulun 1-nə Azərbaycanın birbaşa xarici dövlət borcu 7 milyard 167,1 milyon ABŞ dolları, birbaşa daxili dövlət borcu isə 2 milyard 789,7 milyon manat təşkil edib. 6 ayda birbaşa xarici dövlət borcu 226,3 milyon ABŞ dolları və ya 3,1 % azalıb, birbaşa daxili dövlət borcu 282,6 milyon manat və ya 11,3 % artıb.
Bu il iyulun 1-nə ümumi dövlət borcu ÜDM-in 14,7 %-ni, o cümlədən xarici dövlət borcu ÜDM-in 11,7 %-ni, daxili dövlət borcu isə ÜDM-in 3 %-ni təşkil edib.
Xatırladaq ki, dövlət büdcəsində bu il üçün daxili dövlət borclanmasının yuxarı həddi 1,1 milyard manat, xarici dövlət borclanmasının yuxarı həddi 600 milyon manat, il ərzində veriləcək dövlət zəmanətlərinin məbləğinin yuxarı həddi 800 milyon manat müəyyən edilib.