"Fitch": Azərbaycanın cari əməliyyatlar hesabında ÜDM-in 11 %-i qədər profisit olacaq

Maliyyə
  • 06 oktyabr, 2026
  • 10:41
Fitch: Azərbaycanın cari əməliyyatlar hesabında ÜDM-in 11 %-i qədər profisit olacaq

"Fitch Ratings" beynəlxalq reytinq agentliyi qlobal neft kotirovkalarının zəifləyən dinamikası fonunda belə, 2026-cı ilin yekunlarına görə Azərbaycanın cari əməliyyatlar hesabının və icmal büdcəsinin müsbət saldosunun qorunub saxlanılacağını gözləyir.

"Report" xəbər verir ki, bunu "Fitch Ratings"in baş direktoru, Şərqi Avropa üzrə suveren reytinqlər qrupunun rəhbəri Erik Arispe Morales (Erich Arispe Morales) Bakıda keçirilən "Fitch on Azerbaijan 2026" çərçivəsində bildirib.

"Cari ilin yekunlarına görə biz Azərbaycanın icmal büdcəsinin profisitini ÜDM-in təxminən 3,7 %-i səviyyəsində proqnozlaşdırırıq, cari əməliyyatlar hesabının müsbət saldosunun isə ÜDM-in 11%-i ətrafında olacağı gözlənilir. Bu, ölkənin güclü xarici iqtisadi möhkəmlik ehtiyatının qorunub saxlanıldığını göstərir", - E.Morales vurğulayıb.

Agentliyin nümayəndəsi qeyd edib ki, Azərbaycanın Mərkəzi Bankın və Dövlət Neft Fondunun (ARDNF) vəsaitlərini özündə birləşdirən xalis suveren xarici aktivləri ÜDM-in təxminən 73 %-i səviyyəsində qiymətləndirilir, yığılmış aktivlərin ümumi həcmi isə təqribən 91 milyard ABŞ dolları təşkil edəcək.

"Fitch Ratings"in qiymətləndirməsinə görə, Azərbaycanın birbaşa dövlət borcu son dərəcədə aşağı səviyyədə - ÜDM-in 20 %-dən az səviyyədə saxlanılır ki, bu da "BBB" reytinq (ÜDM-in 57 %-i) kateqoriyalı dövlətlər üçün orta əmsaldan nəzərəçarpacaq dərəcədə daha əlverişlidir. Maliyyə dayanıqlığının əlavə elementi qismində təxminən üçdə ikisi milli valyutada ifadə olunan dövlət borcunun strukturu çıxış edir.

E.Morales həmçinin respublika hökumətinin ortamüddətli perspektivdə dövlət maliyyəsinin neft daxilolmalarından və ARDNF-dən olan transferlərdən asılılığının mərhələli şəkildə azaldılmasına yönəlmiş tədbirlərinə diqqət çəkib. Baza ssenarisi çərçivəsində Azərbaycanın qeyri-neft ilkin kəsiri ötən ilin yekunlarına görə ÜDM-in 18,6 %-dən 2029-cu ilə qədər təxminən ÜDM-in 13 %-nə qədər azalmalıdır.

44 - Tezliklə