""Fitch Ratings" "AFB Bank"ın uzunmüddətli reytinqini təsdiqləyib

Maliyyə
  • 08 avqust, 2026
  • 13:42
Fitch Ratings AFB Bankın uzunmüddətli reytinqini təsdiqləyib

"Fitch Ratings" beynəlxalq reytinq agentliyi "AFB Bank" ASC-nin uzunmüddətli defolt reytinqini (IDR) "B" səviyyəsində "Sabit" proqnozla təsdiqləyib.

Bu barədə "Report" agentliyə istinadən xəbər verir.

"Fitch Ratings" Bankın dayanıqlılıq reytinqini (Viability Rating – VR) "b", dövlət dəstəyi reytinqini (Government Support Rating – GSR) isə "dəstək yoxdur" səviyyəsində saxlayıb.

Agentliyin qiymətləndirməsinə görə, "AFB Bank"ın "B" səviyyəsində uzunmüddətli reytinqi onun daxili kredit profilinə əsaslanır. Bankın kredit profilinə daxili bazarda məhdud mövqeyi, kapital və gəlirliliyə təzyiq göstərən sürətli balans artımı, biznes konsentrasiyası, hələ də zəif, lakin yaxşılaşmaqda olan kredit keyfiyyəti və məqbul likvidlik ehtiyatları təsir göstərir.

Agentliyin məlumatına görə, 2026-cı ilin I yarısının sonuna "AFB Bank" Azərbaycan bank sektorunun aktivlərinin və depozitlərinin təxminən 1 %-nə sahib olub.

Bankın ümumi kredit portfelinin 39 %-ni pərakəndə kreditlər təşkil edib. Bu portfel ipoteka və təminatsız nağd kreditlərdən formalaşıb. Korporativ kreditlərin payı 39 %, kiçik və orta sahibkarlıq subyektlərinə verilmiş kreditlərin payı isə 22 % olub.

"Fitch" Bankın korporativ biznesinin məhdud sayda şirkətlər qrupunda cəmləşdiyini və bunun biznes modelində yüksək konsentrasiya yaratdığını qeyd edib.

"Fitch" "AFB Bank"ın kreditləşmə standartlarını zəif qiymətləndirir. Agentlik bunu ayrı-ayrı iri borcalanlar üzrə yüksək kredit konsentrasiyasının qalması ilə izah edir.

Hesablamalara görə, 2026-cı ilin birinci yarısının sonunda Bankın 25 ən böyük borcalanının payına ümumi kreditlərin 39%-i düşüb. Bu kreditlərin əksəriyyəti münasibətlər əsasında formalaşıb və onların 48%-i nağd təminatla təmin olunub.

Bankın kredit portfelinin artım tempi 2026-cı ilin I yarısında illık ərzində 35 %-ə çatıb. Müqayisə üçün, kredit portfeli 2025-ci ildə 58 %, 2024-cü ildə isə 2 % artıb.

Agentlik 2026-cı ilin ilk yarısındakı artımın bankın genişlənmə strategiyasına uyğun olduğunu və əsasən pərakəndə və KOB kreditləşməsi hesabına baş verdiyini bildirib.

Problemli kreditlərin - 3-cü mərhələ (Stage 3) və kredit üzrə dəyərsizləşmiş şəkildə alınmış və ya yaradılmış kreditlərin - ümumi kreditlərdə payı 2024-cü ilin sonundakı 14,4%-dən 2025-ci ilin sonunda 7,3%-ə düşüb.

"Bu azalma əvvəlki illərdən qalan kreditlər üzrə böyük həcmdə vəsaitlərin geri qaytarılması, kreditlərin qismən balansdan silinməsi və kredit portfelinin sürətli artımı ilə dəstəklənib", - hesabatda qeyd olunub.

"AFB Bank"da II mərhələ kreditlərinin payı 2025-ci ilin sonunda ümumi kreditlərin 2 %-dən azını təşkil edib. III mərhələ kreditləri üzrə xüsusi ehtiyatlarla təminat səviyyəsi isə 66 % olub və agentlik tərəfindən məqbul qiymətləndirilib.

"Fitch" problemli kreditlərin payının 2026-cı ildə təxminən 4 %-ə qədər azalacağını və 2027-ci ildə də təxminən bu səviyyədə qalacağını proqnozlaşdırır. Buna əvvəlki kreditlər üzrə əlavə geri ödənişlər, kreditlərin silinməsi və portfelin artmaqda davam etməsi dəstək verəcək.

Bununla belə, agentlik bu proqnoz üzrə risklərin qaldığını vurğulayıb: "Sürətlə böyüyən kredit portfelinin əhəmiyyətli hissəsinin nisbətən yeni olması həmin kreditlərin ödəmə müddəti irəlilədikcə aktivlərin keyfiyyətinə təzyiqi artıra bilər".

"AFB Bank"ın əməliyyat mənfəətinin risklə ölçülmüş aktivlərə nisbəti (RWA) 2024-cü ildəki 2,9 %-dən 2025-ci ildə 0,9 %-ə düşüb.

Buna biznesin genişləndirilməsi ilə əlaqədar əməliyyat xərclərinin artması və həmin xərclərin gəlirlərin artımı ilə hələ tam kompensasiya edilməməsi səbəb olub.

Nəticədə Bankın xərc/gəlir nisbəti 2024-cü ildəki 70 %-dən 2025-ci ildə 98 %-ə yüksəlib. Xalis mənfəət isə əvvəlki illərdən qalan problemli kreditlər üzrə geri qaytarılan vəsaitlərlə bağlı ehtiyatların azad edilməsi hesabına dəstəklənib.

"Fitch" yüksək əməliyyat xərcləri səbəbindən Bankın gəlirliliyinin 2026-cı ildə də təzyiq altında qalacağını gözləyir. Agentliyin fikrincə, biznesin miqyasının böyüməsindən yaranan müsbət təsirlər tədricən özünü göstərəcək. 2026-cı ildə xalis mənfəətin mülayim səviyyədə olacağı proqnozlaşdırılır.

"AFB Bank"ın "Fitch" üzrə əsas kapital əmsalı (Fitch Core Capital -FCC) 2024-cü ilin sonundakı 36 %-dən 2025-ci ilin sonunda 23,3 %-ə düşüb.

Agentlik azalmanı risklə ölçülmüş aktivlərin sürətli artımı və müntəzəm dividend ödənişləri ilə əlaqələndirib. Bununla belə, 23,3 %-lik göstərici hələ də yüksək qiymətləndirilir.

Bankın I dərəcəli kapital adekvatlığı əmsalı 2025-ci ilin sonundakı 21,9 %-dən 2026-cı ilin I yarısının sonunda 16 %-ə enib.

"Fitch" kredit portfelinin genişlənməsinin Bankın kapital ehtiyatlarından istifadəni davam etdirəcəyini proqnozlaşdırır. Agentliyin gözləntilərinə əsasən, FCC əmsalı 2027-ci ilin sonuna 13,5-14 %-ə qədər enə bilər. Buna baxmayaraq, bu səviyyə hələ də məqbul hesab edilir.

2026-cı ilin I yarısının sonuna müştəri depozitləri "AFB Bank"ın öhdəliklərinin 76 %-ni təşkil edib. Topdansatış maliyyələşməsinin payı isə 14 % olub. Topdansatış maliyyələşməsi əsasən dövlət inkişaf institutlarından cəlb edilmiş aşağı faizli və uzunmüddətli vəsaitlərdən ibarətdir.

Bankın depozitləri 2025-ci ildə 72 %, 2026-cı ilin I yarısında isə daha 56 % artıb. "Fitch" qeyd edib ki, bu artım bank sektoru üzrə orta göstəriciləri üstələyib və bankın genişlənmə strategiyasını əks etdirib.

2026-cı ilin I yarısının sonuna Bankın likvidlik ehtiyatı müştəri depozitlərinin təxminən 25 %-ni qarşılayıb və agentlik tərəfindən məqbul qiymətləndirilib.

"Fitch" bildirib ki, Bankın kapitallaşmasının əhəmiyyətli dərəcədə zəifləməsi reytinqin aşağı salınmasına səbəb ola bilər. Xüsusilə, zərərli fəaliyyət və yaxud kredit portfelinin sürətli böyüməsi nəticəsində FCC əmsalının davamlı olaraq 13 %-dən aşağı düşməsi mənfi reytinq qərarına gətirib çıxara bilər.

Bundan başqa, likvidliyin əhəmiyyətli dərəcədə zəifləməsi, xüsusilə iri həcmdə depozit axını Bankın kredit profili üçün mənfi amil hesab olunur.

Bankın reytinqinin yüksəldilməsi imkanları isə hazırda məhdud qiymətləndirilir. Bunun üçün Bankın bazardakı mövqeyinin əhəmiyyətli dərəcədə güclənməsi, biznes modelinin daha çox şaxələndirilməsi və sabitləşdirilməsi, həmçinin risklərin idarə edilməsi sisteminin ciddi şəkildə təkmilləşdirilməsi tələb olunur.

44 - Tezliklə