“Finoko” aktivlərini 45% artırıb
- 12 may, 2017
- 07:36
Bakı. 12 may. REPORT.AZ/ “Finoko” bank olmayan kredit təşkilatının (BOKT) cəmi aktivləri bu il yanvarın 1-nə 12,068 mln. manat təşkil edib.
“Report” BOKT-un maliyyə hesabatına istinadən xəbər verir ki, bu, ötən il yanvarın 1-i ilə müqayisədə 45,3% çoxdur.
“Finoko”nun aktivlərinin 96,5%-ni və yaxud 11,647 mln. manatını müştərilərə verilmiş kreditlər təşkil edib. Son 1 ildə BOKT-un kredit portfeli 42,4% böyüyüb.
Hesabat dövründə kredit təşkilatının cəmi öhdəlikləri 34,7% artaraq 9,545 mln. manata, cəmi kapitalı isə 2,1 dəfə artaraq 2,523 mln. manata çatıb.
2016-cı ildə “Finoko”nun faiz gəlirləri 2,307 mln. manat (2015-ci ilə nisbətən 3,3 dəfə çox), faiz xərcləri 1,04 mln. manat (3,1 dəfə çox), qeyri-faiz gəlirləri 386 min manat (26,6% az), qeyri-faiz xərcləri isə 582 min manat (3,6 dəfə çox) təşkil edib. Son nəticədə BOKT-un xalis əməliyyat mənfəəti 1,07 mln. manat olub ki, bu da illik müqayisədə 46,2% çoxdur.
“Finoko” kreditlərin dəyərsizləşməsi üzrə ehtiyatların yaradılmasına çəkdiyi xərclərə 27 min manat qənaət edib və ötən ili 856 min manat xalis mənfəətlə başa vurub. Bu, əvvəlki illə müqayisədə 3,9 dəfə çoxdur.
Xatırladaq ki, "Finoko" ASC 2014-cü ildə yaradılıb. Onun nizamnamə kapitalı 1 mln. manatdır. Bu məbləğ hər birinin nominal dəyəri 10 manat olan 100 min səhm əsasında formalaşıb. Səhmlərin 50%-i Elçin Rəşid oğlu Əliyevə (Müşahidə Şurasının sədri), 50%-i isə Elmar Rəşid oğlu Əliyevə (Müşahidə Şurasının üzvü) məxsusdur.