"FINCA Azerbaijan" BOKT-un istiqrazlarına 51 investor maraq göstərib
- 21 may, 2025
- 16:14
Yeniliklərdən dərhal xəbərdar olun!
Bu gün “Bakı Fond Birjası” QSC-də (BFB) "FINCA Azerbaijan" MMC bank olmayan kredit təşkilatının (BOKT) 3 milyon manat dəyərində faizli, təmin edilməmiş, sənədsiz, adlı istiqrazlarının yerləşdirilməsi üzrə hərrac keçirilib.
Bu barədə “Report”a BFB-dən bildirilib.
Məlumata görə, hər birinin nominal dəyəri 100 manat olan 30 000 ədəd istiqraz kütləvi hərrac üsulu ilə yerləşdirilib. İstiqrazlara 51 investor 3 milyon manatlıq 51 sifariş təqdim edib. Son nəticədə yerləşdirmə tam baş tutub.
Qiymətli kağızlar 18 ay tədavüldə olacaq. Onların illik gəlirliliyi 15 %-dir. Faizlər rüblük ödəniləcək. Prosesin anderrayteri "Unicapital İnvestisiya Şirikəti" QSC-dir.
Emitentin tədavül müddətində qiymətli kağızları geri alması nəzərdə tutulmayıb.