"Finans Kredit" BOKT-un istiqrazları üzrə hərracın tarixi açıqlanıb
- 12 iyul, 2024
- 13:57
Yeniliklərdən dərhal xəbərdar olun!
İyulun 16-da "Bakı Fond Birjası" QSC-də (BFB) "Finans Kredit" MMC bank olmayan kredit təşkilatının (BOKT) 200 min manatlıq faizli, təmin edilməmiş, sənədsiz, adlı istiqrazlarının yerləşdirilməsi üzrə hərrac keçiriləcək.
"Report" bu barədə BFB-yə istinadən xəbər verir.
Xatırladaq ki, Birjanın Listinq Komitəsinin qərarı ilə hər birinin nominal dəyəri 1 000 manat olan 200 ədəd istiqraz standart bazar seqmentində listinqə daxil edilib. Qiymətli kağızların yerləşdirilməsi birqiymətli hərrac üsulu ilə həyata keçiriləcək.
İstiqrazlar 24 ay tədavüldə olacaq. Onların illik gəlirliliyi 15 %-dir. Faizlər aylıq ödəniləcək.
Prosesin anderrayteri "CPM-İnvest İnvestisiya Şirikəti" ASC-dir. Bununla yanaşı, istiqrazları almaq istəyən şəxslər BFB-nin üzvü olan digər investisiya şirkətlərinə də müraciət edə bilərlər.
Emitentin tədavül müddətində qiymətli kağızları geri alması nəzərdə tutulmayıb.