Fevralda SOCAR istiqrazları ilə təkrar bazar əməliyyatlarının dəyəri 3 mln. dollardan çox olub
- 12 mart, 2018
- 06:40
Yeniliklərdən dərhal xəbərdar olun!
Bakı. 12 mart. REPORT.AZ/ Bu ilin fevral ayında Azərbaycanın qiymətli kağızlar bazarında Dövlət Neft Şirkətinin (SOCAR) istiqrazları üzrə 57 əqd bağlanılıb və 3 273,757 min ABŞ dolları dəyərində təkrar bazar əməliyyatı aparılıb.
Bu barədə “Report”a SOCAR istiqrazlarının marketmeykeri olan “PSG-Kapital” investisiya şirkətindən bildirilib.
Məlumatda həmçinin deyilir ki, ötən ay təkrar bazarda 3 255 istiqraz alınıb-satılıb. İstiqrazların fevral ayı üzrə orta qiyməti 1 005,76 dollar təşkil edib.
Ümumilikdə, SOCAR istiqrazlarının dövriyyəyə buraxıldığı 2016-cı ilin oktyabr ayından indiyə qədər istiqrazlarla əməliyyatların ümumi dəyəri 136 mln. dollar olub.
Fevralda SOCAR istiqrazları ilə REPO bazarında da yüksək fəallıq müşahidə edilib. Getdikcə daha çox istiqraz sahibi REPO əməliyatlarına müraciət edərək güzəştli şərtlərlə vəsait cəlb etməyə üstünlük verir.
Ötən ay istiqrazlar üzrə 8 repo əməliyyatı aparılıb. İstiqraz sahibləri bu əməliyyatlar üzrə qiymətli kağızlar bazarından 5 mln. dollardan artıq vəsait cəlb ediblər. Vəsaitlər illik 3,5-4% faiz dərəcəsi ilə cəlb olunub.
Xatırladaq ki, nominal qiyməti 1 000 dollar, illik gəlirliyi 5% olan SOCAR istiqrazları 100 mln. dollarlıq buraxılıb. İstiqrazların emitenti olan SOCAR-ın verdiyi “geri alma” zəmanətinə əsasən, bu kağızları istənilən vaxt azı nominal qiymətə alıb-satmaq mümkündür.