“Ferrum Kapital”ın istiqrazlarına maraq göstərən investor olmayıb
- 04 fevral, 2025
- 11:49
Yeniliklərdən dərhal xəbərdar olun!
"Bakı Fond Birjası" QSC-də (BFB) Azərbaycanın faktorinq şirkəti “Ferrum Kapital” QSC-nin 1 milyon manatlıq faizli, təmin edilməmiş, sənədsiz, adlı istiqrazlarının yerləşdirilməsi üzrə hərrac baş tutmayıb.
“Report” bu barədə Birjaya istinadən xəbər verir.
Məlumata görə, buna səbəb istiqrazlara maraq göstərən investorun olmaması, başqa sözlə qiymətli kağızlara sifariş verilməməsidir. Odur ki, istiqrazlar delistinq edilib.
Xatırladaq ki, BFB-nin Listinq Komitəsinin qərarı ilə hər birinin nominal dəyəri 1 000 manat olan 1 000 ədəd istiqraz standart bazar seqmentində listinqə daxil edilib. Qiymətli kağızlar birqiymətli hərrac üsulu ilə yerləşdirilməli və 2 il tədavüldə olmalı idi. Onların illik gəlirliliyi 12,5 % təşkil edirdi. Faizlər rüblük ödəniləcəkdi. Prosesin anderrayteri "PAŞA Kapital İnvestisiya Şirkəti" QSC idi.
Xatırladaq ki, “Ferrum Kapital” yerli və beynəlxalq faktorinq xidmətlərinin göstərilməsi məqsədi ilə 2017-ci ildə yaradılıb. Onun nizamnamə kapitalı 2 000 manatdır. Şirkətin təsisçiləri Qafar Dəmirçi (68 %), Məhəmməd Həbibzadə (23 %), “AQA Şirkətlər Qrupu” MMC (4,5 %) və “Vesta İnvestment” MMC-dir (4,5 %).