Fərid Axundov: "Bakı Fond Birjası" transformasiya mərhələsindədir"
- 13 fevral, 2026
- 11:09
Hazırda "Bakı Fond Birjası" QSC (BFB) transformasiya mərhələsindən keçir.
"Report" xəbər verir ki, bunu Birjanın Müşahidə Şurasının sədri Fərid Axundov bildirib.
"Birjada bazar iştirakçıları üçün şəffaf, çox yüksək etik davranış, qarşılıqlı fayda gətirən bir mühit, yəni etimad şəbəkəsi yaratmağa çalışırıq. Bu da çox vacib amildir. Etimad deyəndə investorların, ilk növbədə fərdi investorların bazara etimadı və bir-birimizin bir-birimizə etimadı, inamı nəzərdə tutulur", - deyə o qeyd edib.
F.Axundovun sözlərinə görə, bu gün həm BFB-nin, həm də digər bazar iştirakçılarının texniki platformaları xarici bazarlarda fəal olan platformalara inteqrasiya olunur: "Misal üçün, Tabadul layihəsi çərçivəsində Birləşmiş Ərəb Əmirliklərindəki (BƏƏ) Əbu-Dabi Birjası (ADX) ilə Kollektiv Mübadilə Razılaşması imzalanıb. Bu o deməkdir ki, özünü doğrultmuş IPO-lar xarici investorların da marağını cəlb edəcək. Yəni biz bunu görmək istəyərdik və bunun üçün böyük iş aparılmalıdır. Alternativ investisiya bazarının formalaşmasının vaxtı çatıb. Bu da potensial emitentlərin gözündə çox vacibdir".
Bundan başqa, sədr deyib ki, hazırda Azərbaycan müxtəlif ölkələrin kapital bazarları ilə bağlı vəziyyəti də əks etdirən Qlobal İnnovasiya İndeksində 2 %-lik göstərici ilə təmsil olunur: "Bu göstərici listinqdə olan şirkətlərin kapitalizasiyasının ümumi daxili məhsula (ÜDM) nisbətini əks etdirir. "PAŞA Bank" ASC-nin yeni səhmlərinin bazara çıxması ilə həmin göstəricinin 3 %-ə qədər artması gözlənilir. Fərq az görünə bilər, amma bazar üçün çox mühüm bir irəliləyişdir, çox xoş, arzulanan bir xəbərdir".
Xatırladaq ki, BFB 1997-ci ildə yaradılıb. Onun nizamnamə kapitalı 5,04 milyon manatdır. Birjanın səhmdarları 20 hüquqi şəxsdir. Bunların arasında 6 yerli bank ("Azərbaycan Sənaye Bankı" (ASB), "Bank of Baku", "Kapital Bank", "Azərbaycan Beynəlxalq Bankı", "Yapı Kredi Bank Azərbaycan" və ləğv prosesində olan "United Credit Bank" ASC-lər), 13 yerli və xarici investisiya şirkəti, hətta İstanbul Fond Birjası ("Borsa İstanbul") var. ASB istisna olmaqla, digər səhmdarların BFB-də payı 4,76%-dir. ASB isə Birjada 9,52% payla təmsil olunur.