“Express Bank”ın xalis mənfəəti 8 % azalıb
- 15 oktyabr, 2024
- 04:59
Yeniliklərdən dərhal xəbərdar olun!
“Express Bank” ASC bu ilin yanvar-sentyabr aylarını 9,175 milyon manat xalis mənfəətlə başa vurub.
“Report” Bankın maliyyə hesabatına istinadən xəbər verir ki, bu, ötən ilin eyni dövrünə nisbətən 8 % azdır.
9 ay ərzində “Express Bank”ın gəlirləri 64,933 milyon manat (illik müqayisədə 15,5 % çox), xərcləri 49,462 milyon manat (15,7 % çox), xüsusi ehtiyatlara ayırmaları 3,949 milyon manat (3,9 dəfə çox), mənfəət vergisi ödəmələri isə 2,348 milyon manat (5,1 % az) təşkil edib.
Bu il oktyabrın 1-nə “Express Bank”ın aktivləri 573,655 milyon manat olub ki, bu da 1 il əvvələ nisbətən 15,1 % çoxdur. Bunun 460,857 milyon manatı müştərilərə verilmiş xalis kreditlərdir. Son 1 ildə Bankın kredit portfeli 29,7 % böyüyüb.
Hesabat dövründə “Express Bank”ın öhdəlikləri 17,8 % artaraq 437,308 milyon manata, o cümlədən depozit portfeli 21,8 % artaraq 236,521 milyon manata, balans kapitalı isə 7 % artaraq 136,347 milyon manata çatıb.
Xatırladaq ki, "Express Bank" 1989-cu ildə "Azərnəqliyyatbank" adı ilə fəaliyyətə başlayıb, 2010-cu ildə rebrendinq edib. Onun nizamnamə kapitalı 112,545 milyon manatdır. Bankın səhmlərinin 48,8 %-i “Azenco Group”a, 30,8 %-i “Enerqoservis” MMC-yə, 20 %-i Hafiz Seyidova, 0,4 %-i Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi yanında Azərbaycan Yerüstü Nəqliyyat Agentliyinə məxsusdur.