ƏSF: Son illərdə Fond fəaliyyətini rəqəmsal innovasiyalara uyğun şəkildə modernləşdirir
- 31 oktyabr, 2025
- 11:35
 
                            
                            
                        Əmanətlərin Sığortalanması Fondu (ƏSF) son illərdə fəaliyyətini beynəlxalq təcrübəyə və rəqəmsal innovasiyalara uyğun şəkildə modernləşdirir.
Bu barədə "Report"a Fonddan bildirilib.
Məlumata əsasən, oktyabrın 31-i dünyada "Beynəlxalq Əmanət Günü" kimi qeyd olunur: "Bu günün əsası 1924-cü ildə İtaliyanın Milan şəhərində keçirilmiş Beynəlxalq Əmanət Bankları Konqresində qoyulub. Məqsəd – cəmiyyətdə qənaət mədəniyyətini formalaşdırmaq, vətəndaşları gələcəyi düşünərək yığım vərdişlərinə təşviq etmək və maliyyə sisteminə inamı möhkəmləndirmək olub. Əmanət Günü daha sonra Birləşmiş Millətlər Təşkilatı tərəfindən də tanınaraq rəsmi status almış, hazırda da iqtisadi sabitliyin və sosial rifahın təməl dəyərlərini xatırladan gün kimi qəbul və qeyd olunur".
Bildirilib ki, müasir dünyada əmanətlərin sığortalanması mexanizmi maliyyə təhlükəsizliyinin mühüm dayağı sayılır: "Əmanətlərin sığortalanması sistemi vətəndaşların vəsaitlərini risklərdən müdafiə etməklə yanaşı, bank sektoruna inamı artırır, dayanıqlı iqtisadi inkişafın əsasını qoyur. Beynəlxalq təcrübə göstərir ki, əmanətlərin sığortalandığı ölkələrdə maliyyə sisteminə etimad, investisiya fəallığı və yığım meyilləri daha yüksək olur. Azərbaycanda bu istiqamətdə mühüm addım 2006-cı ildə "Əmanətlərin sığortalanması haqqında" Qanunun qəbul edilməsi ilə atılmışdır. Qanun vətəndaşların əmanətlərinin sığortalanması mexanizminin hüquqi əsaslarını təsbit etmiş, əmanət vəsaitlərinin təhlükəsizliyini təmin edən institusional baza formalaşdırıb. Bunun nəticəsində ölkəmizdə əmanətçilərin hüquqlarının müdafiəsi, bank sektorunda şəffaflıq və məsuliyyət prinsipləri daha da güclənib".
Qeyd edilib ki, həmin qanuna əsasən yaradılmış Əmanətlərin Sığortalanması Fondu bu sistemin səmərəli fəaliyyətinə təminat verir: "Fondun əsas missiyası banklarda sığorta hadisəsi baş verdiyi halda əmanətçilərə kompensasiyaların qanunla müəyyənləşdirilmiş müddət ərzində ödənilməsidir. Bununla yanaşı, ƏSF maliyyə sabitliyinin qorunmasında, bank sisteminin etibarlılığının və dayanıqlığının artırılmasında mühüm rol oynayır. Son illərdə Fond öz fəaliyyətini beynəlxalq təcrübəyə və rəqəmsal innovasiyalara uyğun şəkildə modernləşdirməkdədir. Kompensasiyaların mümkün ən qısa müddət ərzində ödənilməsinin, proseslərdə şəffaflığın və avtomatlaşdırılmanın təmin olunması, məlumat mübadiləsinin rəqəmsal sistemlərə inteqrasiyası, eləcə də maliyyə savadlılığının artırılması layihələri ƏSF-nin fəaliyyətində keyfiyyətcə yeni mərhələ təşkil edib. Bu tədbirlər əmanətçilərin məmnunluğunu artırmaqla ölkədə bank sisteminə olan etimadı daha da möhkəmləndirməkdədir".
