ƏSF Qırğızıstan Əmanətlərin Qorunması Agentliyi ilə inkişaf perspektivlərini müzakirə edib

Maliyyə
  • 04 noyabr, 2023
  • 12:26
ƏSF Qırğızıstan Əmanətlərin Qorunması Agentliyi ilə inkişaf perspektivlərini müzakirə edib

Əmanətlərin Sığortalanması Fondu (ƏSF) Qırğızıstan Əmanətlərin Qorunması Agentliyi ilə fəaliyyət istiqamətləri və inkişaf perspektivləri, habelə informasiya texnologiyaları da daxil olmaqla ƏSF-nin risklərinin qiymətləndirilməsi və təhlili, maliyyə sektorunun səmərəliliyi və inkişafı ilə bağlı müzakirələr aparıb.

Bu barədə "Report" ƏSF-ə istinadən xəbər verir.

"Əsas fəaliyyət istiqamətləri ölkədə əmanətlərin sığortalanması mexanizminin beynəlxalq standartlara uyğunlaşdırılması, qlobal təcrübənin öyrənilməsi, tətbiqi, digər ölkələrin analoji qurumları ilə əməkdaşlığın genişləndirilməsi olan Əmanətlərin Sığortalanması Fondu Qırğızıstan Əmanətlərin Qorunması Agentliyinin nümayəndə heyətini ƏSF-nin inzibati binasında qəbul edib", - məlumatda deyilir.

Qırğızıstan Əmanətlərin Qorunması Agentliyi tərəfindən İdarə Heyətinin sədri Roza Korçubekovna Aknazarova, İcraçı direktorun müavini Nurlan Mokuşeviç Baybosunov və Sistem inzibatçısı Bektur Kemeloviç Ryskeldievin Fonda səfəri çərçivəsində qarşılıqlı görüşlər baş tutub. İki günlük səfər çərçivəsində nümayəndə heyəti ƏSF-nin rəhbərliyi, eyni zamanda İnformasiya texnologiyaları və təhlükəsizlik və Risklərin idarə edilməsi, təhlil və investisiya departamentlərinin əməkdaşları ilə görüşüb.

Görüş zamanı diqqətə çatdırılıb ki, ƏSF son illər informasiya kommunikasiya texnologiyaları (İKT) sahəsində mühüm tərəqqiyə nail olub, eləcə də dünyada və ölkədə gündəmdə olan müasir elektron proqramlar haqqında yeni təcrübələrə və biliklərə sahiblənib. Nümayəndə heyətinin üzvləri bu sahədə aparılmış işləri yüksək qiymətləndirib və ƏSF-nin İKT üzrə gələcək inkişaf perspektivləri haqqında məlumatlandırılıblar.