Əliyar Məmmədyarov: "Sığorta sektorunun məcmu kapitalı requlyativ tələbi 2 dəfə üstələyir"

Maliyyə
  • 24 iyun, 2026
  • 10:59
Əliyar Məmmədyarov: Sığorta sektorunun məcmu kapitalı requlyativ tələbi 2 dəfə üstələyir

Azərbaycanın sığorta sektorunun məcmu kapitalı requlyativ tələbi 2 dəfə üstələyir.

"Report" xəbər verir ki, bunu Azərbaycan Mərkəzi Bankının (AMB) sədrinin I müavini Əliyar Məmmədyarov Bakıda keçirilən XI Azərbaycan Beynəlxalq Sığorta Forumunda bildirib.

"Son iki ildə ölkədə sığorta haqları 23 % artaraq 1,5 milyard manata, sığorta ödənişləri isə 57 % artaraq 0,9 milyard manata çatıb. Sektorun aktivləri isə 18 % artaraq 2,1 milyard manata yüksəlib. Sektorun kapital mövqeyi əhəmiyyətli dərəcədə güclənib. Bu göstəricilər sığorta sektorunun sağlam inkişaf trayektoriyasında olduğunu və maliyyə sabitliyinin daha da möhkəmləndiyini nümayiş etdirir", - deyə o qeyd edib.

AMB rəsmisi əlavə edib ki, əldə olunan nəticələr mühüm əhəmiyyət daşısa da, qarşıdakı dövrdə həyata keçirilməsi nəzərdə tutulan strateji hədəflər də kifayət qədər genişdir: "Hazırda növbəti strateji dövrü əhatə edən yeni inkişaf strategiyası hazırlanır. Risk əsaslı prudensial nəzarət modelinin tam şəkildə formalaşdırılması, reaktiv nəzarət modelindən proaktiv nəzarət modelinə keçid, xüsusi tənzimləmə rejiminin tətbiqinin genişləndirilməsi, alternativ sığorta məhsullarının tətbiqi, istehlakçıların hüquqlarının daha etibarlı müdafiəsi və rəqəmsal innovasiyaların genişləndirilməsi əsas prioritetlər sırasında olacaqdır".

O, bu prioritetlərin risklərin daha effektiv idarə olunmasına, innovativ məhsulların bazara çıxarılmasına, istehlakçı tələbinə uyğunlaşdırılmış məhsul və xidmətlərin təqdim olunmasına və nəticə olaraq, sektorun institusional potensialının reallaşmasında öz töhfəsini verəcəyinə inam ifadə edib: "Sığorta sektorunun gələcək inkişafının təmin olunması və müasir dövrün yaratdığı yeni çağırışlara çevik və adekvat cavab verilməsi yalnız qarşılıqlı əməkdaşlıq, təcrübə mübadiləsi və ortaq fəaliyyət nəticəsində mümkündür".

44 - Tezliklə