Əli Məsimli: "ÜDM-də əməyin ödəniş xərclərinin payı artırılmalıdır"

Maliyyə
  • 20 noyabr, 2025
  • 15:57
Əli Məsimli: ÜDM-də əməyin ödəniş xərclərinin payı artırılmalıdır

Azərbaycanın ümumi daxili məhsulunda (ÜDM) əməyin ödəniş xərclərinin payı MDB-nin orta göstəricilərinə nisbətən azdır.

"Report" xəbər verir ki, bunu deputat Əli Məsimli Milli Məclisin bu gün keçirilən plenar iclasında "Dövlət sosial müdafiə fondunun 2026-cı il büdcəsi haqqında" qanun və "İşsizlikdən sığorta fondunun 2026-cı il büdcəsi haqqında" qanun layihəsinin I oxunuşda müzakirəsində bildirib.

Onun sözlərinə görə, bu nisbəti artırmaqla milyardlarla manat əlavə vəsaiti pensiya fonduna cəlb etmək olar: "Amma bir sıra məsələlər var ki, onlara diqqət etmək lazımdır. ​Birincisi, erkən təqaüdə çıxma məsələsi böyük aktuallıq kəsb edir. İndi beş və daha çox uşağı olan analar bu hüquqdan istifadə edir. Amma belələri çox azdır. Ona görə də, bu güzəştin üç və daha çox uşağı olan analara şamil edilməsi, hesab edirəm ki, sosial nöqteyi-nəzərdən çox ədalətli olar.

​İkinci məsələ isə pensiya kapitalı ilə bağlıdır. Pensiyaya çıxmağa bir qədər qalmış pensiya kapitalından istifadəyə şərait yaratmaq lazımdır, Əgər vətəndaş pensiyaya çıxmamış dünyasını dəyişibsə, onun pensiya kapitalının vərəsələrə verilməsi istiqamətində, hesab edirəm ki, qanunvericilikdə dəyişiklik edilməsi vacibdir".

Deputat həmçinin qeyd edib ki, pensiya fondunun vəsaitinin artırılması istiqamətində olan real mənbələrdən istifadə edilməsinə daha geniş anlamda baxılması vacibdir: "5,1 milyon məşğul əhalinin yalnız 1,8 milyonu bilavasitə müqavilə ilə işləyir. Bu 35 %-dir. Bir sıra ölkələrdə bu 60 %, 70 %, 80 % və ondan da çoxdur. Hesab edirəm ki, yerdə qalan 3,3 milyonun bir hissəsi aqrar sahədə vergidən azad olunub, amma qalan hissələrində bir balaca da fəaliyyət göstərsə, mən hesab edirəm ki, xeyli dərəcədə ağartmalara nail olub bu pensiya fonduna yüz milyonlarla əlavə vəsaitin cəlb edilməsinə nail ola bilərik".

Son xəbərlər

Bütün Xəbər Lenti