Ekspert: “Azərbaycan iqtisadiyyatı qlobal kataklizmlərə qarşı yüksək dayanıqlılığa malikdir”

Maliyyə
  • 12 iyul, 2023
  • 07:53
Ekspert: “Azərbaycan iqtisadiyyatı qlobal kataklizmlərə qarşı yüksək dayanıqlılığa malikdir”

Azərbaycanın iqtisadi inkişaf modeli bir daha qlobal iqtisadi kataklizmlərə qarşı yüksək dayanıqlılıq nümayiş etdirib.

Bunu “Report”a açıqlamasında iqtisadçı-ekspert Amal Həsənli ötən gün Prezident İlham Əliyevin rəhbərliyi ilə keçirilmiş və bu ilin I yarısının sosial-iqtisadi yekunlarına həsr olunmuş müşavirəni şərh edərkən bildirib.

Onun sözlərinə görə, qlobal iqtisadiyyatdakı qeyri-sabitlik fonunda milli iqtisadiyyatdakı inkişaf meyillərini saxlamaq mümkün olub: “Bunun kökündə ölkənin maliyyə sabitliyi, ixrac gəlirlərinin şaxələndirilməsi və dayanıqlığının təmin olunması istiqamətində atılan addımlar dayanır. Əsas gəlir mənbəyimiz hələ də neft-qaz sektoru olsa da, son illər qeyri-neft-qaz sektorunun inkişafı yönündə də effektiv iş gedir. Bunun mütləq rəqəmlərdə də görə bilərik. Belə ki, bu ilin 6 ayında Azərbaycanda qeyri-neft sənayesi 6,5 % artım nümayiş elətdirib. Ölkənin maliyyə müstəqilliyin təmin olunması yönündə bəyan edilmiş hədəflər də reallaşır. Ölkənin xarici borcu bu gün cəmi 6,7 milyard ABŞ dolları təşkil edir ki, bu da bizim mövcud valyuta ehtiyatımızdan 10 dəfəyə yaxın azdır. Eyni zamanda xarici borcumuz ümumi daxili məhsulumuzun təxminən 10 %-ni təşkil edir. Bu kifayət qədər kiçik göstəricidir. Müqayisə üçün deyim ki, Ermənistanda həmin göstərici 50 % ətrafındadır”.

Azərbaycanın dövlət büdcəsinin 36 milyard manatdan çox olduğunu deyən ekspert bunun rekord hədd olduğunu qeyd edib: “Ali Baş Komandanın rəhbərliyi altında Azərbaycan ordusu işğal altında olan torpaqlarımızı azad edəndən sonra həmin ərazilərin maksimal dərəcədə qısa zaman ərzində bərpa olunması əsas prioritetə çevrildi. Qarabağ və Şərqi Zəngəzurda misli görünməmiş miqyasda quruculuq işlərinə başlanııdə. Yeni yollar tikilir, dəmir yolu xətləri çəkilir, iki yerdə Beynəlxalq Hava Limanı istifadəyə verilib, yaşayış məntəqələri salınıb. İnsanlar uzun illərdən sonra öz ata-baba yurdlarına qayıtmağa başladılar. Bu prosesi sürətləndirmək üçün xüsusi investisiya proqram hazırlanıb. Həmin proqram əsasında bu ilin sonuna qədər Qarabağ və Şərqi Zəngəzura ümumilikdə təqribən 12 milyard manat xərclənmiş olacaq. Həmin ərazilərdə həyata keçirilən infrastruktur və inşaat işləri isə əsasən dövlət büdcəsindən maliyyələşir".

Amal Həsənli

Amal Həsənli hesab edir ki, Azərbaycanın neft-qaz sektorunda, “yaşıl enerji”nin inkişafı yönündə reallaşdırdığı layihələr ölkəyə valyuta axının davamlılığını təmin edəcək: “Son illər Azərbaycan qlobal enerji təhlükəsizliyinin təmin olunmasında mühüm rol oynamağa başlayıb. Xüsusilə “köhnə qitə”nin enerji müstəqilliyinin təminatında Azərbaycana xüsusi əhəmiyyət verilir. Bu il Azərbaycanın 24 milyard kubmetrdən çox təbii qaz ixrac edəcəyi gözlənilir ki, bunun da təxminən yarısı Avropaya tədarük ediləcək. 2027-ci il üçün Azərbaycan Avropaya nəql edəcək təbii qazın həcmini 20 milyard kubmetrə çatdırmağı hədəfləyir. Azərbaycan qazı hazırda 6 ölkəyə nəql olunur, lakin nəzərdə tutulan işlərin reallaşması sayəsində onların sayının 10-dan çox olacağı gözlənilir.

Təbii qaz hasilatının artırılması üçün Azərbaycanın kifayət qədər potensialı var. Belə ki, ölkəmizin çıxarıla bilən qaz ehtiyatları 933 milyard kubmetrdir. Bununla yanaşı 1,7 trilyon kubmetr sübut edilmiş və təxminən 4 trilyon kubmetr proqnozlaşdırılan ehtiyatlarımız mövcuddur. Bu günə kimi Azərbaycanın təbii qaz ixracı ilə bağlı əsas mənbə “Şahdəniz” qaz-kondensat yatağı idi. Lakin bundan sonra bu sıraya “Abşeron” qaz-kondensat yatağı da qoşulacaq. Bir neçə gün əvvəl həmin yataqdan ilk qaz hasil edilib. Cənab prezident dünənki müşavirədə “Abşeron” qaz yatağındakı bir quyudan “Şahdəniz” qaz yatağından da çox qaz və kondensat hasil edildiyini bildirdi. Görünən odur ki, həmin yataq böyük ehtiyatları özündə ehtiva edir.

Azərbaycanın bərpa olunan enerji ixracı ilə bağlı da kifayət qədər iddialı hədəfləri var. 2026-cı ilin sonuna qədər 1,8 GVt-a yaxın gücə malik külək və günəş elektrik stansiyalarının istifadəyə verilməsi planlaşdırılır. 2030-cü ilə kimi bu güclər 5 GVt-a çatdırılacaq. Həmin hədəflərə çatmaq üçün hazırda Azərbaycan “Masdar”, “ACWA Power”, BP və “Fortescue Future Industries” şirkətləri ilə 25 GVt-dan çox “yaşıl enerji” layihələrində əməkdaşlıq edir. Bütün bunlar onu deməyə əsas verir ki, orta və uzaq perspektivdə Azərbaycan ixrac gəlirlərinin sabitliyini təmin edəcək”.