“EKOL Mühəndislik Xidmətləri” maliyyə vəziyyətini açıqlayıb
- 19 dekabr, 2024
- 10:07
Yeniliklərdən dərhal xəbərdar olun!
“EKOL Mühəndislik Xidmətləri” QSC 2023-cü ili 2,34 milyon manat xalis zərərlə başa vurub. Halbuki, şirkət 2022-ci ildən 1,856 milyon manat xalis mənfəətlə çıxmışdı.
“Report” səhmdar cəmiyyətinin maliyyə hesabatına istinadən xəbər verir ki, ötən il “EKOL Mühəndislik Xidmətləri”nin əməliyyat gəlirləri 35,066 milyon manat (əvvəlki ilə nisbətən 14,3 % az), əməliyyat xərcləri isə 35,495 milyon manat (3,2 % az), o cümlədən əmək haqqı və məcburi dövlət sosial sığorta xərcləri 21,444 milyon manat (1,6 % az), köhnəlmə və amortizasiya xərcləri 2,787 milyon manat (10,9 % az), istifadə etdiyi xammal və materialların dəyəri 2,279 milyon manat (20 % az), subpodratçıların göstərdiyi xidmətlərin dəyəri 1,306 milyon manat (19,8 % az), kommunal xərcləri 459 min manat (33 % az), birgə müəssisədəki investisiyanın dəyərsizləşməsi üzrə zərəri 351 min manat (25,8 % az), icarə xərcləri 99 min manat (33 dəfə çox), sair xərcləri 7,059 milyon manat (12,1 % çox), törəmə müəssisənin alınması üzrə gəlirləri 289 min manat (əvvəlki il olmayıb) təşkil edib.
Bundan başqa, şirkətin sair gəlirləri 182 min manat (2,3 dəfə az), birgə müəssisənin maliyyə nəticələrindəki pay hesabına zərəri 93 min manat (əvvəlki il gəlir olub), faiz xərcləri isə 1,569 milyon manat (17,5 % az) olub. Səhmdar cəmiyyəti həmçinin illik müqayisədə 2,8 dəfə az – 431 min manat mənfəət vergisi ödəyib.
Bu il yanvarın 1-nə “EKOL Mühəndislik Xidmətləri”nin aktivləri 38,829 milyon manat təşkil edib ki, bu da illlik müqayisədə 11,1 % azdır. Hesabat dövründə şirkətin öhdəlikləri 11,3 % azalaraq 19,658 milyon manata, balans kapitalı isə 10,9 % azalaraq 19,171 milyon manata düşüb.
Xatırladaq ki, “Ekol Mühəndislik Xidmətləri” 2006-ci ilin mart ayında Azərbaycan Dövlət Neft Şirkətinin (SOCAR - 51%) və xarici investor “Lancer Services S.A.” şirkətinin (49%) birgə iştirakı ilə təsis edilib. Onun nizamnamə kapitalı 4,072 milyon manatdır. Müəssisənin fəaliyyətinin əsas məqsədi respublika hüdudlarından kənarda və respublika daxilində müasir texnologiyalardan istifadə edilməklə ətraf mühitin mühafizəsi istiqamətində: sənaye çirkab, məişət-fekal və tullantı sularının təmizlənməsi, neftşlamın zərərsizləşdirilməsi, neftlə çirklənmiş torpaqların rekultivasiyası və reabilitasiyasının həyata keçirilməsi, antropogen təsirlərin nəticəsində yaranan fəsadların aradan qaldırılması, müəssisələrin fəaliyyətlərinin ətraf mühitə təsirinin qiymətləndirilməsi, icmalının aparılması, ekoloji texniki-normativ sənədlərin işlənməsi kimi ekoloji yönümlü xidmətlərin göstərilməsindən ibarətdir.