EIB investisiya imkanlarını öyrənmək məqsədilə Azərbaycana tanışlıq missiyası göndərəcək

Maliyyə
  • 05 oktyabr, 2026
  • 16:43
EIB investisiya imkanlarını öyrənmək məqsədilə Azərbaycana tanışlıq missiyası göndərəcək

Avropa İnvestisiya Bankı (EIB) konkret investisiya imkanlarını öyrənmək məqsədilə Azərbaycana tanışlıq missiyası göndərməyə hazırlaşır.

Bunu "Report"a müsahibəsində EIB Qrupunun Cənubi Qafqaz üzrə Regional Nümayəndəliyinin rəhbəri Stella Renita bildirib.

"EIB dövlət hakimiyyəti orqanları, dövlət müəssisələri, maliyyə vasitəçiləri və özəl sektoru təmsil edən təşəbbüskarlar tərəfindən irəli sürülən əsaslandırılmış təklifləri dəyərləndirir. Planlaşdırılan tanışlıq missiyası bizə prioritet sektorlarda potensial investisiyaları müzakirə etməyə və EIB tərəfindən maliyyələşdirməyə, Aİ qrantlarına və ya Avropa İttifaqının maliyyələşdirdiyi texniki yardıma iddia edə biləcək layihələri müəyyənləşdirməyə imkan verəcək", - S.Renita qeyd edib.

Onun sözlərinə görə, EIB müvafiq təşəbbüslər yarandıqca, dəmiryol əlaqəsini, şəhər nəqliyyatını və əlaqəli infrastrukturu əhatə edən dayanıqlı nəqliyyat və strateji bağlantı sahəsində əlavə dəstək perspektivlərini məmnunluqla araşdıracaq.

"Nəzərdə tutulan missiya aktual ehtiyacları müzakirə etməyə və həm texniki yardım, həm də maliyyə dəstəyi ala biləcək layihələri müəyyənləşdirməyə imkan verəcək", - nümayəndəliyin rəhbəri əlavə edib.

S.Renita vurğulayıb ki, Avropa İnvestisiya Bankı 2013-cü ildən başlayaraq Azərbaycandakı tərəfdaşlarla iş aparır və respublika öz investisiya prioritetlərini müəyyən etdikcə, bank bu tərəfdaşlığın möhkəmlənməsi üçün perspektivlər görür.

"Azərbaycan hökuməti, Aİ nümayəndəliyi və digər tərəfdaşlarla birgə həyata keçiriləcək dövlət və özəl investisiya layihələri portfelinin formalaşdırılması və hazırlanması üzrə iş növbəti mərhələ olacaq. Nəzərdə tutulan tanışlıq missiyası bu prosesə kömək etmək məqsədi daşıyır. Hazırkı mərhələdə layihələr hazırlanaraq təhlil edilənə və təsdiqlənənə qədər konkret əməliyyatlar, maliyyələşdirmə həcmləri və ya təsdiqlənmə müddətləri barədə danışmaq tezdir", - o bildirib.

Müsahibənin tam mətni ilə bu link vasitəsilə tanış olmaq mümkündür.

44 filmi