Azərbaycanda AÖS vasitəsilə AzQR ödənişlərin həcmi bu ay 40 milyona yaxınlaşıb

Maliyyə
  • 29 iyun, 2026
  • 11:33
Azərbaycanda AÖS vasitəsilə AzQR ödənişlərin həcmi bu ay 40 milyona yaxınlaşıb

Azərbaycanda Ani Ödənişlər Sistemi (AÖS) vasitəsilə həyata keçirilən AzQR ödənişlərin həcmi bu ay 40 milyona yaxınlaşıb.

"Report" xəbər verir ki, bunu jurnalistlərə açıqlamasında Azərbaycan Mərkəzi Bankının (AMB) Ödəniş sistemləri və məhsullarının inkişafı departamentinin direktoru Əfqan Abbasov bildirib.

Onun sözlərinə görə, Ani Ödənişlər Sisteminin (AÖS) inkişafı çərçivəsində QR ödənişlərinin, xüsusilə AzQR həllərinin təşviqinə də xüsusi diqqət ayrılıb, bu istiqamətdə aktiv işlər aparılıb: "Artıq emitent banklar mobil tətbiqlərdə AzQR ödənişlərinin həyata keçirilməsi imkanı yaradılıb. Eyni zamanda, bəzi fintex şirkətləri də bu funksiyanı öz tətbiqlərinə inteqrasiya edib, digər fintexlər isə bu istiqamətdə işləri davam etdirir. AzQR ödənişləri gündəlik həyatımızda getdikcə daha geniş yayılır. Hazırda bu ödəniş üsulu böyük bir POS-terminal şəbəkəsində tətbiq olunur. Vətəndaşlar AzQR-ni dəstəkləyən bank və fintex tətbiqləri vasitəsilə QR ödənişlərini rahat şəkildə həyata keçirə bilirlər. Sevindirici məqamlardan biri də odur ki, bu ay AzQR əməliyyatlarının həcmi 40 milyona yaxınlaşıb".

Bundan başqa, AMB rəsmisi deyib ki, dövlət ödənişlərinin ani hesablaşmasında son 1 ildə 20 dəfədən çox artım qeydə alınıb: "AÖS-in təşviqi istiqamətlərindən biri də Hökumət Ödəniş Portalı vasitəsilə həyata keçirilmiş ödənişlərin hesablaşmasının Ani Ödəniş Sistemləri vasitəsi ilə aparılmasıdır. Bu istiqamətdə də aktiv fəaliyyət göstərilir və müvafiq işlər aparılır. Nəticədə dövlət ödənişlərinin hesablaşması artıq müəyyən vaxt sonra deyil, dərhal və real vaxt rejimində həyata keçirilir. Bu isə həm dövlət qurumları, həm də vətəndaşlar üçün mühüm üstünlüklər yaradır. AÖS-lə aparılan dövlət ödənişləri operativliyi artırır, hesablaşma müddətini minimuma endirir və ödəniş prosesinin səmərəliliyini yüksəldir".