EDB: Avrasiya nəqliyyat karkası üzrə 402 infrastruktur layihəsi icra edilir

Maliyyə
  • 11 sentyabr, 2026
  • 13:58
EDB: Avrasiya nəqliyyat karkası üzrə 402 infrastruktur layihəsi icra edilir

Avrasiya nəqliyyat karkasının tərkibində 2035-ci ilə qədər olan dövr üçün nəzərdə tutulmuş 402 layihə üzərində iş aparılır.

"Report" xəbər verir ki, bunu Avrasiya İnkişaf Bankının (EDB) İnteqrasiya Araşdırmaları Mərkəzinin rəhbəri Aleksandr Zaboyev "Avrasiyada nəqliyyat dəhlizlərinin infrastrukturu: inkişafın nəticələri və əsas investisiya tendensiyaları" adlı təqdimatda bildirib.

"Hazırda 300-ə yaxın layihə aktiv mərhələdədir - bu, tikinti və ya layihə sənədlərinin hazırlanması mərhələsidir. Daha yüzə yaxın hələlik planlaşdırma mərhələsindədir, yəni hökumət səviyyəsində nəzərdən keçirilir. Lakin bu layihələr barədə artıq rəsmi olaraq elan edilib və hazırda onların aktiv fazaya - hazırlıq və tikinti işlərinin başlanması mərhələsinə keçirilməsi üçün investorlar cəlb edilir", - A.Zaboyev qeyd edib.

O dəqiqləşdirib ki, həyata keçirilən və planlaşdırılan layihələrə kapital qoyuluşunun ümumi məbləği 345 milyard ABŞ dolları təşkil edir. İnvestisiyaların dövlətlər üzrə bölgüsü aşağıdakı kimidir: Rusiya - 225,2 milyard ABŞ dolları, Qazaxıstan - 32,5 milyard ABŞ dolları, Özbəkistan - 17 milyard ABŞ dolları, İran - 13,6 milyard ABŞ dolları, Əfqanıstan - 12,5 milyard ABŞ dolları, Qırğızıstan - 10,8 milyard ABŞ dolları, Monqolustan - 8,5 milyard ABŞ dolları, Türkmənistan - 6,1 milyard ABŞ dolları, Ermənistan - 5,2 milyard ABŞ dolları, Gürcüstan - 4,1 milyard ABŞ dolları, Azərbaycan - 3,4 milyard ABŞ dolları, Tacikistan - 1,7 milyard ABŞ dolları, Belarus - 0,4 milyard ABŞ dolları.