EBRD Azərbaycanda uzunmüddətli kapitalın cəlbinə kömək edə bilər

Maliyyə
  • 06 oktyabr, 2026
  • 12:59
EBRD Azərbaycanda uzunmüddətli kapitalın cəlbinə kömək edə bilər

Avropa Yenidənqurma və İnkişaf Bankı (EBRD) Azərbaycanda layihələrin risklərinin azaldılmasına və uzunmüddətli kapitalın cəlbinə kömək edə bilər.

"Report" xəbər verir ki, bunu EBRD-nin direktor müavini, baş direktor Real Hacıyev Bakıda keçirilən "Orta Dəhliz boyunca infrastruktur, nəqliyyat, logistika, "yaşıl enerji" və rəqəmsallaşma üçün maliyyənin səfərbər edilməsi" mövzusunda Almaniya-Azərbaycan Əlaqəlilik Konfransında bildirib.

Onun sözlərinə görə, ticarətin asanlaşdırılması proqramı qısamüddətli maliyyələşmə ehtiyacları üçün yaxşıdır: "Lakin söhbət uzunmüddətli maliyyələşmə ehtiyaclarından getdikdə, ən vacib məsələ, ilk növbədə layihələrin özlərinin maliyyələşdirilə bilən, yəni banklar üçün cəlbedici, texniki, institusional və mühəndislik baxımından etibarlı olduğuna əmin olmaqdır. Bu komponentlərin artıq mövcud olduğunu fərz etsək, Çoxtərəfli İnkişaf Bankları (MDB) və xüsusən də EBRD iki istiqamətdə kömək edə bilər".

R. Hacıyev qeyd edib ki, birinci məsələ risklərin azaldılmasıdır: "Bu, uyğun olan, müəyyən meyarlara cavab verən və standart tələblərdən kənara çıxan layihələr üçün qarışıq maliyyələşdirmə, birinci zərər zəmanəti və ya investisiya qrantları vasitəsilə həyata keçirilə bilər. İkincisi isə müxtəlif mexanizmlər, məsələn, A və B kreditləri, sindikasiyalar və fərqli alətlər vasitəsilə digər ölkələrdən və maliyyə mərkəzlərindən hərəkətsiz qalan uzunmüddətli kapitalın Azərbaycana yönəldilməsinə kömək etməkdir. Beləliklə, vacib olan bu kapital və investisiya layihələrini bir-biri ilə əlaqələndirməkdir. MDB MDB spektrin bu iki tərəfi arasında körpü rolunu oynaya bilər".

44 - Tezliklə