EBRD Azərbaycan üzrə cari layihə portfelini yeniləyib
- 22 dekabr, 2025
- 11:04
Bu il noyabrın 30-na Avropa Yenidənqurma və İnkişaf Bankının (EBRD) Azərbaycandakı cari kredit portfeli 906 milyon avro dəyərində qiymətləndirilir.
"Report" EBRD-ə istinadən xəbər verir ki, bunun 40 %-i özəl sektorun payına düşür.
Hazırda 34 layihə aktivdir.
Təkcə 2025-ci ildə bank 69 milyon ABŞ dolları dəyərində 8 layihəni maliyyələşdirib.
Oktyabrın 31-nə olan göstərici ilə müqayisədə portfelin həcmi 2,05 % və ya 19 milyon avro azalıb.
EBRD-nin məlumatına əsasən, cari portfelin əsas hissəsi – 91 %-i və yaxud 822 milyon avrosu davamlı infrastrukturun inkişafına, 6 %-i və yaxud 57 milyon avrosu maliyyə institutlarına, 3 %-i və yaxud 28 milyon avrosu isə korporativ sektora yönəldilib.
Ümumilikdə EBRD Azərbaycanda 199 layihənin həyata keçirilməsinə 3,678 milyard avro investisiya yatırıb.
Bankın ölkədəki əməliyyat aktivlərinin dəyəri noyabrın 30-na 695 milyon avro təşkil edib. Bu, oktyabrın 31-i ilə müqayisədə 0,7 % və yaxud 5 milyon avro azdır.
Ötən il EBRD Azərbaycanda 8 layihənin maliyyələşdirilməsi üçün ümumilikdə 199 milyon avro kredit ayırıb. Bu isə əvvəlki illə müqayisədə 27,6 % və yaxud 43 milyon avro çoxdur.