"e-müqavilə" altsistemində satınalma müqavilələri üzrə icra təminatı elektron qaydada təqdim ediləcək
- 05 oktyabr, 2026
- 10:59
Yeniliklərdən dərhal xəbərdar olun!
"Rəqəmsal dövlət maliyyəsi" informasiya sisteminin (RDMİS) "e-müqavilə" altsistemində dövlət satınalma müqavilələri üzrə icra təminatının elektron təqdim edilməsi funksiyası yaradılıb.
"Report" bu barədə Maliyyə Nazirliyinə istinadən xəbər verir.
Məlumata görə, Azərbaycan Mərkəzi Bankı (AMB) ilə birgə yaradılan yeni funksionallıq Elektron Hökumət İnformasiya Sistemi (EHİS) üzərindən müvafiq məlumat mübadiləsinin həyata keçirilməsinə, bankların təqdim etdiyi icra təminatlarının elektron formada əldə edilməsinə imkan yaradır.
Hazırda yeni funksionallığın ölkənin bir sıra kommersiya bankları ilə tətbiqi təmin edilib və bankların verdiyi icra təminatları praktik olaraq elektron qaydada təqdim olunur.
Bank sektorunun digər iştirakçılarının da müvafiq inteqrasiya prosesinə qoşulması icra təminatlarının daha geniş miqyasda elektronlaşdırılmasına, təchizatçılar üçün bank seçimi imkanlarının artırılmasına və dövlət satınalmalarında elektron müqavilə üzrə tam rəqəmsal xidmət zəncirinin formalaşdırılmasına mühüm töhfə verəcək. Bu məqsədlə AMB ilə birgə digər bankların da bu prosesə mərhələli şəkildə qoşulmasının genişləndirilməsi istiqamətində işlər davam etdirilir.
Yeni funksionallığın tətbiqi icra təminatlarının kağız daşıyıcıda təqdim olunmasına ehtiyacın azaldılması, məlumatların doğruluğunun elektron qaydada yoxlanılması, proseslərin sürətləndirilməsi və satınalma iştirakçıları üçün əlavə inzibati yükün azaldılmasına xidmət edir.
"Dövlət satınalmaları haqqında" qanunun 38.2-ci maddəsinə əsasən, qalib təchizatçı satınalma müqaviləsini informasiya sistemində gücləndirilmiş elektron imza ilə imzalamaqla yanaşı, qanunvericiliklə tələb olunan hallarda icra təminatını da satınalan təşkilata təqdim etməlidir. Yeni funksionallıq qanunun tələbini həyata keçirməklə yanaşı, dövlət satınalmaları sahəsində rəqəmsallaşmanın genişləndirilməsi və "e- müqavilə" altsistemi üzrə müqavilələrin elektronlaşdırılması prosesinin davamı kimi formalaşdırılıb.