Dünyanın ən böyük suveren fondunun koronavirusa qarşı ayıracağı vəsait açıqlandı

Maliyyə
  • 12 may, 2020
  • 14:38
Dünyanın ən böyük suveren fondunun koronavirusa qarşı ayıracağı vəsait açıqlandı

Dünyanın ən böyük suveren fondu olan, dövlətin neft gəlirləri hesabına formalaşan Norveç Hökumət Təqaüd Fondundan COVID-19 virusu və onunla bağlı iqtisadi fəsadlara görə 420 milyard Norveç kronu, yəni 40,6 milyard ABŞ dolları məbləğində vəsait ayrılacaq.

“Report” “Komersant”a istinadən xəbər verir ki, bu barədə ölkənin Maliyyə Nazirliyi məlumat yayıb.

Qeyd edək ki, sözügedən məbləğ 1 trilyon ABŞ dollarına qədər vəsaitin olduğu adıçəkilən fonddan rekord sərfiyyatdır. Daha əvvəl fondun bu ilin 1 yanvar tarixinə olan vəsaitin 2,6 faizi həcmində vəsait ayırmaq nəzərdə tutulurdusa, sərfiyyat ümumi vəsaitin 4,2 faizi həcmində oldu. 2008-2009-cu illərin böhranı dövründə fonddan 4,1 faizi həcmində vəsait ayrılmışdı.

Hökumətin açıqlamasına görə koronavirus pandemiyası və neftin ucuzlaşması nəticəsində bu il ölkə ÜDM-i 4 faiz azalacaq, işsizlik səviyyəsi isə 5,9 faizədək artacaq. Bundan əvvəl “Bloomberg” Norveç Hökumət Təqaüd Fondunun aktivlərinin satılacağını bildirmişdi.