Dünya Bankı: Sentyabrda Azərbaycanın ÜDM-i 3% artıb
- 21 noyabr, 2019
- 12:41
Yeniliklərdən dərhal xəbərdar olun!
Bu ilin sentyabr ayında Azərbaycanda ümumi daxili məhsul (ÜDM) ötən ilin sentyabr ayına nisbətən 3% artıb.
“Report” xəbər verir ki, bu barədə Dünya Bankının açıqlamasında bildirilir.
Qurum ölkədə 9 aylıq ÜDM-in isə ötən ilin eyni dövrü ilə müqayisədə 2,5% artdığını bəyan edib.
"9 ay ərzində qeyri-neft-qaz sektoru 3,5%, neft-qaz sektoru isə 1,1% böyüyüb. Kənd təsərrüfatı sektorunda isə proqressiv inkişaf hiss olunub. Belə ki, ötən ilin eyni dövrü ilə müqayisədə bu sektor 7,1% artıb. Həmçinin sentyabrda real əməkhaqqının artması ilə istehlak sektoru 6,5% böyüyüb. Bu, özünü xüsusilə də dövlət sektorunda və əmək bazarında büruzə verib", - Dünya Bankı bəyan edib.
Bundan başqa, qurumun hesabatında deyilir ki, sentyabrda Azərbaycanda ərzaq məhsulları illik müqayisədə 5% bahalaşıb. Ümumi inflyasiya isə Dövlət Statistika Komitəsinin açıqladığı kimi 2,6% olub. İlin sonuna qədər bu rəqəm Azərbaycan Mərkəzi Bankının hədəflərinə uyğun olaraq 4±2% civarında olacaq.