Dünya Bankı: Dünya üzrə pul köçürmələrinin məbləği proqnozu üstələyib
- 23 aprel, 2018
- 07:13
Yeniliklərdən dərhal xəbərdar olun!
Bakı. 23 aprel. REPORT.AZ/ 2017-ci ildə dünya üzrə pul köçürmələrinin məbləği 2016-cı illə müqayisədə 7% artaraq 573 mlrd. ABŞ dollarından 613 mlrd. dollara çatıb.
“Report” xəbər verir ki, bu barədə Dünya Bankının hesabatında bildirilir.
Xatırladaq ki, qurumun eksperləri ötən ilin oktyabr ayında pul köçürmələrinin məbləğinin illik müqayisədə 3,9% artaraq 596 mlrd. dollara çatacağını proqnozlaşdırırdı. Onların fikrincə, artımın gözləniləndən çox olması Rusiya, Avropa və ABŞ-dakı iqtisadi artımla bağlıdır. O cümlədən, Rusiya, Qzaxıstanda və Avrozonada qeydə alınmış iqtisadi inkişaf sayəsində Avropa və Mərkəzi Asiya ölkələrinə pul köçürmələri 3 illik azalmadan sonra ilk dəfə 2017-ci ildə 21% artaraq 48 mlrd. dollara çatıb.
Hesabata əsasən, ən çox pul köçürmələri Hindistan (69 mlrd. dollar) istiqamətində həyata keçirilib. Növbəti yerlərdə Çin (64 mlrd. dollar), Filippin (33 mlrd. dollar), Meksika (31 mlrd. dollar), Nigeriya (22 mlrd. dollar) və Misir (20 mlrd. dollar) qərarlaşıb.
Dünya Bankı 2018-ci idə pul köçürmələrinin məbləğiin 2017-ci illə müqayisədə 4,6% artaraq 642 mlrd. dollara çatacağını gözləyir. Halbuki, oktyabr proqnozunda bu göstəricinin 3,4% artaraq 616 mlrd. dollara çatacağı deyilmişdi.