Dünya Bankı Azərbaycanda məşğulluğun dəstəklənməsi üçün əlavə kreditin təsdiqlənmə vaxtını dəyişib

Maliyyə
  • 26 iyun, 2024
  • 07:47
Dünya Bankı Azərbaycanda məşğulluğun dəstəklənməsi üçün əlavə kreditin təsdiqlənmə vaxtını dəyişib

Dünya Bankı Azərbaycanda məşğulluğun dəstəklənməsi layihəsinin əlavə maliyyələşdirilməsinin Direktorlar Şurası tərəfindən təsdiqləmə tarixini iyulun 29-na təxirə salıb.

“Report” banka istinadən xəbər verir ki, daha əvvəl kreditin iyulun 25-də təsdiqlənməsi gözlənilirdi.

Layihənin ümumi dəyəri 176,24 milyon ABŞ dolları təşkil edir ki, bunun da 150 milyon ABŞ dollarını bank ayırmağı planlaşdırır.

Əsas layihə və təklif olunan əlavə maliyyələşdirmə iş axtaranların həssas qrupları (xüsusilə gənclər və qadınlar) arasında məşğulluq nəticələrini (məşğulluq vəziyyəti və gəlir) yaxşılaşdırmaq məqsədi daşıyır. Layihə əhatə dairəsinin genişlənməsi və səmərəliliyin artırılması, Dövlət Məşğulluq Agentliyində proqramın icrası potensialının gücləndirilməsi və monitorinq və qiymətləndirmə təcrübələrinin təkmilləşdirilməsi hesabına bu məqsədə nail olur.

Layihə çərçivəsində özünüməşğulluq proqramının maliyyələşdirilməsi, bu proqramın benefisiarlarına əlavə dəstəyin (mentorluq və müvafiq qrantlarının) göstərilməsi əmək haqqına subsidiyalarının verilməsi, iş yerində təlim proqramlarının həyata keçirilməsi və əmək bazarı informasiya sisteminin gücləndirilməsinin maliyyələşdirilməsi təmin ediləcək.

“2023-cü ilin dekabr ayına olan məlumata görə, proqrama 57 868 müraciət daxil olub, onlardan 18 807-si uyğun olub. Ümumilikdə 17 093 benefisiar biznes təlimi keçib, 13 067 nəfərin biznes planı təsdiqlənib və 10 390 nəfər aktiv əldə edib. Təlimlərdən qadınlar, gənclər, məcburi köçkünlər və ünvanlı sosial yardım alanlar kimi həssas qruplar əhəmiyyətli dərəcədə faydalanıb. Tələbatın yüksək olduğu fəaliyyətlərə dərzilik, gözəllik salonları, çörəkxanalar, avtomobilyuma və avtomexanika daxildir. Bundan əlavə, peşə təhsili üçün onlayn platforma işə salınıb və 6 498 benefisiar üçün təlim keçirilib, 2022-ci ilin fevral ayından etibarən isə ümumilikdə 20 052 nəfərə təlim keçirilib”, - layihənin icmalında deyilir.

Bankdan qeyd edilib ki, əlavə maliyyələşdirmə layihə fəaliyyətlərinin əhatə dairəsini genişləndirəcək, benefisiarların sayını artıracaq, həmçinin təklif olunan xidmət və proqramların çeşidini genişləndirəcək.

Xatırladaq ki, məşğulluğa dəstək layihəsi 2020-ci il avqustun 17-də qüvvəyə minib və ilk ödəniş həmin ilin oktyabrın 7-də həyata keçirilib. Onun həyata keçirilməsi üçün Dünya Bankı 100 milyon ABŞ dolları ayırıb. Layihənin icra müddəti 2020-2025-ci illəri əhatə edir. Layihənin bağlanma müddətinin 31 dekabr 2029-cu ilə qədər uzadılması təklif edilir.

44 filmi