Dünya Bankı Azərbaycanda məşğulluğa dəstək layihəsinin icrasını qiymətləndirib

Maliyyə
  • 01 noyabr, 2022
  • 12:36
Dünya Bankı Azərbaycanda məşğulluğa dəstək layihəsinin icrasını qiymətləndirib

“Azərbaycanda Məşğulluğa Dəstək” layihəsinin icrasına başlanandan indiyədək Dünya Bankının 100 milyon ABŞ dolları məbləğində kreditinin 23 %-i (23,25 milyon ABŞ dolları) istifadə olunub.

“Report” Dünya Bankının hesabatına istinadən xəbər verir ki, layihəyə 2020-ci il avqustun 17-də başlanılıb, ilk ödəniş isə həmin il oktyabrın 7-də verilib.

“Ümumiyyətlə, layihənin icrası plana uyğun davam edir. Həm layihənin həyata keçirilməsinin gedişatı, həm də inkişaf hədəfinə doğru irəliləyiş qənaətbəxşdir. Biznes təlimləri qruplar şəklində keçirilir və aktivlər uğurlu benefisiarlar arasında bölüşdürülür. Aktivlərini alan benefisiarlar üçün də biznes kouçinqinə başlanılıb”, - hesabatda deyilir.

Dünya Bankının məlumatına görə, 2022-ci ilin iyun ayının sonuna qədər proqramın tələblərinə uyğun olan 7 600-dən çox benefisiardan, təxminən, 6 500 benefisiar biznes təlimlərində iştirak edib: “Benefisiarların əksəriyyətini (60 %-dən çoxunu) qadınlar və gənclər, qalanlarını isə müharibə veteranları, məcburi köçkünlər, digər həssas qrupların nümayəndələri və ünvanlı sosial yardım alanlar təşkil edir. 2022-ci il iyun ayının sonuna olan məlumata görə, 5 800-dən çox benefisiar biznes təlimini başa vurub və 3 200-dən çoxu isə öz aktivlərini əldə edib”.

Bildirilib ki, dəstək göstərilən müəssisələrə kiçik istehsal, qida emalı, dəriyə qulluq, dülgərlik və dərzilik daxildir: “Aktivləri olan benefisiarlar da biznesin idarə edilməsini öyrənməyə başlayıblar. Aktivlərin bölüşdürülməsi davam edir. Üstəlik, benefisiarlar biznes təlimləri keçir və biznes planlarını hazırlayırlar”.

Dünya Bankının hesabatında qeyd edilib ki, COVID-19 pandemiyası üzündən qeydiyyatda olan işsizlərin ümumi sayı artıb: “2022-ci ilin birinci yarısında işə düzələn qeydiyyatdan keçmiş işaxtaranların sayı 15 895 nəfər olub. Buraya 5 640 qadın, 5 597 gənc və 799 məcburi köçkün daxildir. Buraya hazırda reyestrdən çıxarılan, amma “müvəqqəti pul müavinəti” almaq hüququ olan şəxslərə də şamil olunur”.

Bankın məlumatına əsasən, yanvar-iyun aylarında yeni qeydiyyata alınmış işsizlərin sayı 10 330 nəfər təşkil edib: “2021-ci il dekabrın 31-nə qədər 29 264 nəfər qeydiyyata alınıb, 2025-ci ilin sonuna isə 20 min işsizin olacağı gözlənilir”.

Qeyd edilib ki, uzunmüddətli işsizlik riski altında olan yeni qeydiyyatdan keçmiş işaxtaranlar üçün fərdi fəaliyyət planlarının hazırlanmasına hələ başlanılmayıb: “2025-ci il dekabrın 31-nə qədər 3 200 planın hazırlanması planlaşdırılır”.

Tədbirlərin planlaşdırılması və həyata keçirilməsi ilə bağlı yerli məsləhətləşmələrin keçirildiyi rayonların sayı 2025-ci ilin sonuna kimi 52-yə çatacaq: “2022-ci ildə 9 rayonda - Şamaxı, Gəncə, Tovuz, Qazax, İmişli, Bərdə, Ağdam, Ucar və Kürdəmirdə kommunikasiya və maarifləndirmə işləri aparılıb”.

Xatırladaq ki, layihənin məqsədi Dünya Bankının vəsaitinin hesabına işsiz kimi qeydiyyatda olan məcburi köçkünlər, ünvanlı dövlət sosial yardım alan şəxslər, qadınlar, gənclər və digər həssas qruplar üçün qabaqcıl təcrübəyə əsaslanan özünüməşğulluq proqramının genişləndirilməsi və kiçik sahibkarlıq subyektlərinin yaradılmasıdır. 2020-2025-ci illəri əhatə edən layihəyə əsasən, bu müddət ərzində belə kateqoriyalara daxil olan 22 min işsiz proqrama cəlb olunacaq. İyulun 1-nə olan məlumata əsasən, belə benefisiarların sayı 6 575 nəfərdir. 2021-ci ildə isə bu göstərici 5 820 nəfər olub.

Bu layihə ilə həm də özünüməşğulluq proqramının həyata keçirilməsində innovativ həllərin tətbiqini, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Məşğulluq Xidmətinin əməkdaşlarının təlimi, ünvanlı sosial yardımdan özünüməşğulluğa keçid strategiyasının hazırlanması nəzərdə tutulur.

Layihə üç komponentdən ibarətdir: 95,5 milyon ABŞ dolları dəyərində Özünüməşğulluq proqramının (SEP) əhatə dairəsinin və effektivliyinin genişləndirilməsi, məşğulluq xidmətlərinin və proqramlarının gücləndirilməsi (dəyəri 2 milyon ABŞ dolları) və layihənin idarə edilməsi, monitorinq və qiymətləndirmə (dəyər 2,5 milyon ABŞ dolları).