Dünya Bankı Azərbaycanda bu il üçün iqtisadi artım proqnozunu yeniləyib

Maliyyə
  • 06 oktyabr, 2026
  • 09:33
Dünya Bankı Azərbaycanda bu il üçün iqtisadi artım proqnozunu yeniləyib

Dünya Bankı 2026-cı ildə Azərbaycanda ümumi daxili məhsulun (ÜDM) 1,2 %, 2027-ci ildə isə 1,8 % artacağını gözləyir.

"Report" xəbər verir ki, bu barədə Dünya Bankının Avropa və Mərkəzi Asiya regionunun iqtisadi perspektivlərinə dair hesabatının oktyabr buraxılışında deyilir.

Aprel qiymətləndirmələri ilə müqayisədə proqnoz göstəriciləri müvafiq olaraq 0,8 faiz bəndi azaldılıb və sabit saxlanılıb.

2028-ci il üçün iqtisadi artım proqnozu isə 1,9 %-dir.

Bank xatırladıb ki, 2025-ci ildə Azərbaycan iqtisadiyyatı 1,4 % artıb.

İqtisadiyyat Nazirliyi cari ildə ÜDM-in artımını 1,7 % səviyyəsində, növbəti ildə isə 2,7 % səviyyəsində qiymətləndirir. Azərbaycan Mərkəzi Bankı 2026-cı ildə ölkədə iqtisadi artımın 0,5 %, 2027-ci ildə isə 2,6 % səviyyəsində olacağını gözləyir.

Niderlandın ən böyük bank qrupu olan ING Azərbaycan iqtisadiyyatının artımını 2026-cı ildə 1,9 %, 2027-ci ildə 3 % və 2028-ci ildə 2,3 % səviyyəsində proqnozlaşdırır.

BMT-nin qiymətləndirmələrinə görə, Azərbaycanın iqtisadi artımı 2026-cı ildə 2,7 %, 2027-ci ildə isə 2,6 % təşkil edəcək.

Asiya İnkişaf Bankı Azərbaycanın ÜDM-nin 2026-cı ildə 1,6 % və 2027-ci ildə 1,8 % artacağını proqnozlaşdırır.

"Fitch Solutions"un gözləntilərinə görə, 2026-cı ildə Azərbaycanın real ÜDM artımı 2,5 % təşkil edəcək.

Dünya Bankının proqnozlarına görə, bu il Cənubi Qafqaz ölkələrində iqtisadi artımın 3,5 % təşkil edəcəyi gözlənilir ki, bu da ötən illə müqayisədə 0,4 faiz bəndi daha aşağı göstəricidir. Azərbaycanda artım tempinin azalması ehtimalı neft sektorunda davam edən struktur azalması və dövlət kapital xərclərinin azaldılması fonunda qeyri-neft iqtisadiyyatında artımın gözləniləndən zəif olması ilə izah olunur. Ümumilikdə Cənubi Qafqazda xidmət sektoru – xüsusilə informasiya və kommunikasiya texnologiyaları, nəqliyyat və turizmlə əlaqəli fəaliyyətlər – əsas artım mühərrikləri olaraq qalır.

Bank hesab edir ki, 2027–2028-ci illərdə Cənubi Qafqazda iqtisadi artım orta hesabla 3,4 % səviyyəsində sabitləşəcək. Bu proqnozlar əvvəlki göstəricilərdən çox az fərqlənir. O cümlədən, Azərbaycanda qeyri-neft sektorunun daha sürətli genişlənməsi, neft hasilatının azalmasına və planlaşdırılan fiskal konsolidasiya tədbirlərinə baxmayaraq, iqtisadi artım tempini 2026-cı ildəki 1,2 % səviyyəsindən 2027–2028-ci illərdə orta hesabla 1,8 %-ə yüksəldəcək.

44 filmi