DSMF-nin gələnilki xərclərinin 97 %-ə yaxını əhaliyə ödənişlər olacaq

Maliyyə
  • 20 noyabr, 2025
  • 15:32
DSMF-nin gələnilki xərclərinin 97 %-ə yaxını əhaliyə ödənişlər olacaq

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondunun (DSMF) gələn ilə proqnozlaşdırılan ümumi xərclərinin 96,6 %-ni və yaxud 8,2 milyard manatını əhaliyə ödənişlər təşkil edəcək.

"Report" xəbər verir ki, bunu deputat Musa Quliyev Milli Məclisin bu gün keçirilən plenar iclasında "Dövlət sosial müdafiə fondunun 2026-cı il büdcəsi haqqında" və "İşsizlikdən sığorta fondunun 2026-cı il büdcəsi haqqında" qanun layihələrinin I oxunuşda müzakirəsində bildirib.

Onun sözlərinə görə, əmək pensiyalarının orta aylıq məbləğinin bu il 540,3 manat, gələn il isə 590,2 manat olacağı proqnozlaşdırılır: "Növbəti ildə yaşa görə pensiyanın orta aylıq məbləğinin builki 576 manatdan 629 manata yüksəlməsi gözlənilir. Əvvəlki illərdə olduğu kimi cari və növbəti ildə də əvəzetmə əmsalı, yəni orta aylıq pensiya məbləğinin orta aylıq əmək haqqı məbləğinə nisbəti müvafiq olaraq 49,05 % və 50,4 % olmaqla Beynəlxalq Əmək Təşkilatının sosial təminatın minimum normaları haqqında müvafiq konvensiyasına cavab verəcək". Bundan başqa, deputat deyib ki, növbəti ildə əhaliyə sosial sahədə xidmətlərin təşkili üzrə Dayanıqlı və Operativ Sosial Təminat Agentliyinin fəaliyyətinin müştərək maliyyələşdirilməsi, eləcə də pensiya və müavinətlərin əhaliyə çatdırılması və bank əməliyyatlarının aparılması üzrə xidmət haqqı xərcləri ümumilikdə 91 milyon manat proqnozlaşdırılır.

Son xəbərlər

Bütün Xəbər Lenti