Dövlət əmlaklarının icarəsindən büdcəyə ödəmələr proqnozdan 43 % çox olub
- 22 dekabr, 2021
- 12:58
Yeniliklərdən dərhal xəbərdar olun!
Bu ilin yanvar-noyabr aylarında Azərbaycanda dövlət əmlaklarının icarəyə verilməsi ilə bağlı 1 531 yeni müqavilə bağlanılıb.
"Report" xəbər verir ki, bu barədə İqtisadiyyat nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti məlumat yayıb.
Bildirilir ki, bu, ötən ilin eyni dövrü ilə müqayisədə 3,3 dəfə çoxdur.
Yeni icarə müqavilələrinin 631-i qeyri-yaşayış sahələrinə, 900-ü isə torpaq sahələrinə aid olub.
Bundan başqa, hesabat dövrü ərzində 461 icarə müqaviləsinin müddəti uzadılıb, 146 icarə müqaviləsi ləğv edilib.
11 ay ərzində dövlət əmlaklarının icarəyə verilməsi hesabına büdcəyə proqnozdan 4,3 milyon manat və yaxud təxminən 43 % çox - 14,4 milyon manat vəsait ödənilib.
Dövlət əmlakının icarəyə verilməsi mexanizminin, həmçinin dövlət əmlakından istifadəyə görə icarə haqlarının müəyyən edilməsi sisteminin təkmilləşdirilməsi barədə təkliflər hazırlanaraq hökumətə təqdim edilib.