Deputat: "Regionlarda yaşayan gənclərin Bakıya axınının qarşısı alınmalıdır"

Maliyyə
  • 19 noyabr, 2025
  • 16:45
Deputat: Regionlarda yaşayan gənclərin Bakıya axınının qarşısı alınmalıdır

Regionlarda yaşayan gənclərin Bakıya axınının qarşısının alınması üçün xüsusi tədbirlərin həyata keçirilməsi vacibdir.

"Report" xəbər verir ki, bunu deputat Naqif Həmzəyev Milli Məclisin bu gün keçirilən plenar iclasında "2026-cı il dövlət büdcəsi haqqında" qanun layihəsinin I oxunuşda müzakirəsində bildirib.

Onun sözlərinə görə, Gəncə şəhərində yeni iş yerlərinin açılması üçün sahibkarlara əlavə imkanların yaradılması vacibdir: "Kəndlərdən digər şəhərlərə köçə bilərik, amma həmin şəhərlərdən Bakıya köç bizi düşündürməlidir, bununla əlaqədar çox ciddi tədbirlər həyata keçirilməlidir".

Deputat qeyd edib ki, ölkədə dəmir yollarının inkişafı, xüsusilə də regionlarda sərnişin daşınmasının gücləndirilməsi nəticəsində bu sahəyə tələbat artıb: "Hər kəs rahat və təhlükəsiz nəqliyyat vasitələri ilə səfər etmək istəyir. Bu səbəbdən növbəti illərdə Bakı-Ağstafa-Bakı istiqamətində həyata keçirilən reyslərin sayı yalnız bayram günlərində deyil, mütəmadi olaraq artırılmalıdır. Bu məqamda qeyd etmək istərdim ki, Gəncədə sərnişindaşımada ciddi irəliləyiş əldə olunub. Lakin şəhərdə parklanma qaydalarına nəzarətin mümkün olmaması, müasir həllər tətbiq edilməməsi tıxac və digər problemlər ortaya çıxardıb. Bakı şəhərində olduğu kimi Gəncə şəhərində də parklanma sistemlərinin qurulmasını istərdim. Bu, həm tıxac problemini həll edəcək, həmçinin vəsaitlərin dövlət büdcəsinə daxil edilməsi reallaşacaq".

Son xəbərlər

Bütün Xəbər Lenti