Deloitte: ”Gələcək 4 ildə Azərbaycanın ticarət balansı davamlı olaraq müsbət olacaq"
- 29 mart, 2022
- 05:54
Yeniliklərdən dərhal xəbərdar olun!
Bu ilin sonuna Azərbaycanın məhsul ixracıının 23 milyard ABŞ dollara, idxalının isə 12,1 milyard ABŞ dollara çatması gözlənilir.
“Report” xəbər verir ki, bu barədə “Deloitte” şirkətinin "Azərbaycanda biznes perspektivləri" hesabatında bildirilib.
Sənədə əsasən, 2023-cü ilə ixrac 22,6 milyard ABŞ dollara, idxal 13,1 milyard ABŞ dollara, 2024-cü ildə ixrac 23,7 milyard ABŞ dollara, idxal 14 milyard ABŞ dollara, 2025-ci ildə isə ixracın 24,9 milyard ABŞ dollara, idxalın isə 14,8 milyard ABŞ dollara yüksəlməsi proqnozlaşdırılır.
Beləliklə, ölkənin ticarət dövriyyəsi 2022-ci ildə 35,1 milyard ABŞ dolları (3,5 % artım), 2023-cü ildə - 35,7 milyard ABŞ dolları (1,7 % artım), 2024-cü ildə - 37,7 milyard ABŞ dolları (5,6 % artım), 2025-ci ildə isə 39,7 milyard ABŞ dolları (5,3 % artım) səviyyəsində gözlənilir.
“Ötən il Azərbaycanın ticarət balansı 9,9 milyard ABŞ dolları məbləğində müsbət saldo ilə nəticələnib. Növbəti dörd il ərzində Azərbaycanın ticarət balansının davamlı olaraq müsbət olacağı proqnozlaşdırılır. Azərbaycanın əsas ticarət tərəfdaşları İtaliya, Böyük Britaniya, ABŞ, Türkiyə, İsrail, Fransa, İndoneziya, Rusiya, Almaniya və Hindistandır”, - hesabatda deyilir.
Dövlət Gömrük Komitəsinin məlumatına əsasən, 2021-ci ildə Azərbaycan xarici ölkələrlə 33,912 milyard ABŞ dolları dəyərində ticarət əməliyyatı aparıb ki, bu, 2020-ci illə müqayisədə 38,6 % çoxdur.
Ötən il xarici ticarət dövriyyəsinin 22,207 milyard ABŞ dolları ixracın, 11,706 milyard ABŞ dolları isə idxalın payına düşüb. Əvvəlki ilə nisbətən ixrac 61,6 %, idxal isə 9,1 % artıb.
Son nəticədə xarici ticarətdə 10,501 milyard ABŞ dollarlıq müsbət saldo yaranıb. Bu, illik müqayisədə 3,5 dəfə çoxdur.