"City Finance" BOKT-un xalis mənfəəti 4 dəfə artıb
- 01 iyun, 2022
- 09:41
Yeniliklərdən dərhal xəbərdar olun!
"City Finance" MMC bank olmayan kredit təşkilatı (BOKT) 2021-ci ili 1,701 milyon manat xalis mənfəətlə başa vurub.
"Report" BOKT-un maliyyə hesabatına istinadən xəbər verir ki, bu, 2020-ci illə müqayisədə 4,1 dəfə çoxdur.
Ötən il "City Finance"ın vergiyəqədərki mənfəəti 2,141 milyon manat (4,05 dəfə çox), mənfəət vergisi ödəmələri isə 440 min manat (3,9 dəfə çox) təşkil edib.
Bu il yanvarın 1-nə "City Finance"ın aktivləri 18,728 milyon manat olub ki, bu da illik müqayisədə 2,4 dəfə çoxdur. Bunun 18,049 milyon manatı müştərilərə verilmiş kreditlərdir. 2021-ci ildə BOKT-un kredit portfeli 2,5 dəfə böyüyüb.
Hesabat dövründə "City Finance"ın öhdəlikləri 5 dəfə artaraq 11,553 milyon manata, balans kapitalı isə 31,1% artaraq 7,175 milyon manata çatıb.
Xatırladaq ki, "City Finance" 2013-cü ildə yaradılıb. Onun nizamnamə kapitalı 5 milyon manatdır. BOKT-un təsisçiləri 72,5 % payla "AQA Şirkətlər Qrupu" MMC və 27,5 % payla Məhəmməd Həbibzadədir. O, həm də "AQA Şirkətlər Qrupu"na daxil olan Azərbaycanın aparıcı faktorinq xidməti "Ferrum Kapital" QSC-nin səhmlərinin 23 %-nə nəzarət edir.