Çinin valyuta ehtiyatları 5 illik maksimumu yeniləyib
- 08 yanvar, 2021
- 11:12
Ötən ilin dekabr ayında Çinin valyuta ehtiyatları noyabr ayına nisbətən 39 milyon ABŞ dolları və yaxud 1,2 % artaraq 3,217 trilyon abş dollarına çatıb.
“Report” xarici mətbuata istinadən xəbər verir ki, bu barədə Çin Xalq Bankının (PBOC) hesabatında bildirilir.
Sənədə əsasən, bununla da 2 aydır ki, artan Çinin valyuta ehtiyatları 2016-cı ilin aprel ayında qeydə alınmış maksimumu yeniləyib.
Xatırladaq ki, ötən ay Çinin milli valyutası yuan ABŞ dolları qarşısında 0,8 % bahalaşıb. Eyni zamanda Çin emitentlərinin səhmlərinə və istiqrazlarına investor vəsaitlərinin axını artıb. Buna səbəb Çinin koronavirus (COVID-19) pandemiyasından sonrakı dövrdə iqtisadiyyatın bərpasına görə lider ölkə olmasıdır.
Dekabrda Çinin qızıl ehtiyatlarının dəyəri isə 7,84 milyard ABŞ dolları və yaxud 7,1 % artaraq 118,25 milyard ABŞ dollarına yüksəlib. Artım dünya bazarında qızılın bahalaşması ilə bağlıdır. Belə ki, ölkənin qızıl ehtiyatlarının həcmi 15-ci aydır ki, dəyişmir və 62,64 milyon unsiya səviyyəsində qalıb.