Çinin Milli Audit Ofisi cəmi 7 günə öz sahəsində mobil tətbiq hazırlayıb
- 17 iyun, 2026
- 17:35
Yeniliklərdən dərhal xəbərdar olun!
Çin Milli Audit Ofisi süni intellektdən istifadə etməklə öz sahəsində mobil tətbiqi cəmi 7 gün ərzində hazırlayıb.
"Report" xəbər verir ki, bunu Çinin ali audit orqanının Elektron Məlumat Auditi Departamentinin Baş Direktoru Yang Li Sai Bakıda keçirilən İslam İnkişaf Bankı (İİB) Qrupunun 51-ci İllik Toplantıları çərçivəsində Azərbaycanın Hesablama Palatasının təşkil etdiy "Davamlı Regional İnteqrasiya üçün Rəqəmsal Dövlət Auditi" tədbirində bildirib.
Onun sözlərinə görə, qurum yeni nəsil süni intellekt əsaslı kodlaşdırma alətlərindən istifadə edərək qısa müddətdə intellektual mətn təhlili tətbiqi hazırlayıb: "Biz süni intellekt əsaslı kodlaşdırma vasitələrinin imkanlarını sınaqdan keçirdik və cəmi yeddi gün ərzində intellektual mətn təhlili proqramı hazırladıq. Tətbiq müqavilələr, rəsmi sənədlər və iclas materiallarından əsas məlumatları avtomatik çıxarmaq, onların məzmununu ümumiləşdirmək və təhlil etmək imkanına malikdir. Proqram audit yoxlamaları aparılması, nəticələrin qiymətləndirilməsi və keyfiyyətə nəzarət prosesində auditorlara dəstək verir. Süni intellekt alətlərinin tətbiqi auditin sürətini artırmaqla yanaşı, təhlillərin daha dəqiq və effektiv aparılmasına şərait yaradır".