"Cənub Qaz Dəhlizi"nin ARDNF-də ilk dividendlərinin məbləği açıqlanıb
- 29 yanvar, 2025
- 07:11
Yeniliklərdən dərhal xəbərdar olun!
"Cənub Qaz Dəhlizi" QSC (SGC) 2025-ci ildə ilk dəfə 396,2 milyon manat məbləğində dividend ödəyəcək.
“Report” xəbər verir ki, bu barədə Hesablama Palatasının Azərbaycan Dövlət Neft Fondunun (ARDNF) 2025-ci il büdcəsinə dair rəyində bildirilib.
Rəyə əsasən, 2025-ci ildə ARDNF-nin gəlir maddəsində ilk dəfə "Cənub Qaz Dəhlizi" QSC-dən (SGC) 233,1 milyon ABŞ dolları və ya 396,2 milyon manat məbləğində dividendlər öz əksini tapacaq. Bu dividend məbləği neftin bir barrelinin 70 ABŞ dollarından hesablanıb.
Rəydə qeyd olunub ki, ARDNF-yə dövlətin birbaşa mülkiyyətində olan səhmlər üzrə dividendlər köçürüləcək.
Qeyd edək ki, Azərbaycan Prezidenti 25 fevral 2014-cü il tarixində “Cənub Qaz Dəhlizi” QSC-nin (SGC) yaradılması haqqında sərəncam imzalayıb.
"Cənub Qaz Dəhlizi"nin məqsədi “Şahdəniz” qaz-kondensat yatağının istismarının 2-ci mərhələsini həyata keçirmək, bu zaman hasil ediləcək təbii qazın genişləndirilmiş Cənubi Qafqaz Qaz Boru Kəməri, Trans-Anadolu Boru Kəməri (TANAP) və Trans-Adriatik Boru Kəməri (TAP) vasitəsilə ilkin olaraq Türkiyəyə və Cənubi Avropaya ixracını təmin etməkdir.
SGC dövlət, yəni, İqtisadiyyat Nazirliyi (51 %) və SOCAR-ın (49 %) təsisçiliyi ilə 31 mart 2014-cü il tarixində yaradılıb. Lakin 2024-cü ilin dekabrında SOCAR “Cənub Qaz Dəhlizi” QSC-də payını 49 %-dən 51 %-ə qədər artırıb.