Bu ilin I rübündə risklərin qiymətləndirilməsi nəticəsində vergi potensialı olan 61 839 risk müəyyən olunub
- 18 aprel, 2017
- 15:10
Yeniliklərdən dərhal xəbərdar olun!
Bakı. 18 aprel. REPORT.AZ/ “Vergi ödəyicilərinin təqdim etdikləri bəyannamələrdən və informasiya bazasından istifadə etməklə risk meyarlarının qruplaşdırılması aparılır, keçiriləcək vergi nəzarəti tədbirlərinin əhatə dairəsi müəyyən edilir. Ümumiyyətlə, kiçik sahibkarlıq subyektlərinə münasibətdə nəzarət tədbirləri analitik məlumatlar, informasiya texnologiyaları və baza məlumatları əsasında aparılır”.
“Report” xəbər verir ki, bunu Vergilər Nazirliyi yanında Bakı şəhəri Kiçik Sahibkarlıqla İş Departamentinin baş direktoru Sarxan Məmmədov deyib.
Onun sözlərinə görə, 3 milyon 955,7 min manat hesablama aparılıb: “Bu ilin 1-ci rübündə risklərin qiymətləndirilməsi nəticəsində 25 706 vergi ödəyicisində vergi potensialı olan 61 839 risk müəyyən edilib. Vergi nəzarəti tədbirlərinin minimallaşdırılması üçün xidmət fəaliyyəti üzrə əks-əlaqə prinsipi tətbiq edilməklə məlumatlandırma işləri həyata keçirilib, vergi ödəyiciləri tərəfindən kənarlaşmaların aradan qaldırılması sahəsində əhəmiyyətli işlər görülüb. Risklərin aradan qaldırılmasını təmin etməyən 2731 vergi ödəyicisinə kameral vergi yoxlaması ilə 3 milyon 955,7 min manat hesablama aparılıb, 26 vergi ödəyicisində xronometraj metodu ilə müşahidələr keçirilib, 66 vergi ödəyicisində pul vəsaitlərinin və malların uçota alınmaması ilə əlaqədar, 274 vergi ödəyicisində isə səyyar vergi yoxlaması ilə bağlı vergi nəzarəti tədbirləri keçirilib. Könüllü əməletmə səviyyəsinin yüksəldilməsi üçün vergi ödəyiciləri ilə keçirilən tədbirlər nəticəsində bu ilin birinci rübündə dövlət büdcəsinə daxil olmuş 21 miıyon 481,3 min manat vəsaitin cəmi 9,1%-i nəzarət tədbirləri üzrə təmin edilib”.